İlk və son pillələrin sahiblərinin oynamadığı turda “Sabah” və “Neftçi” hamıdan qazanclı çıxdı. Avrokubok oyununa görə kubokun son sahibi “Qəbələ” ilə oyunu təxirə salınan çempion “Qarabağ” ötən mövsümün digər mükafatçılarının qələbələrni seyr etdi.

“Neftçi”nin 3 xalı daha qiymətli oldu. Əsas rəqiblərdən biri üzərində qazanılan qələbə həm də ikinci pillədəki “Sumqayıt”la fərqi minimuma endirməyə imkan verdi. Bakılılar qeyri-sabit oynasa da, önəmli matçların qazanılması yuxarı pillələrdə qalmağa imkan verir. Üstəlik, əsas rəqiblərin xal itirməsi də işə yarayır.

Əslində, cəzalı Ruan Renatosuz “Zirə”ni məğlub etməmək günah olardı. Qəsəbə təmsilçisi müdafiəsinn lideri ilə yanaşı, hücum xəttinin əsas üzvlərinin xidmətindən də müxtəlif səbəblərdən məhrum idi. Bununla belə, qonaqlar heç də pis təsir bağışlamadı. O da doğrudur ki, VAR-ın ləğv etdiyi qollar, yaradılan çoxsaylı epizodlar xal gətirmir. “Neftçi” matçın əvvəlində rəqib müdafiəsində bircə səhv tapdı və onu qələbəyə çevirdi.

“Neftçi”nin oynadığı futbol ümid vermir. Bəli, qaliblər mühakimə olunmur, Miodraq Bojoviçin işini yüksək qiymətləndirməyə də əsas yoxdur. Mövsümü avrokubok zonasında başa vurmaq mümkündür, amma davamının daha yaxşı olacağını düşünmək üçün ümidverici nəsə görünmür. Yayda bu komanda tamamilə yenilənməlidir, cavanlaşmalıdır, “ağır” oyunçulardan yaxa qurtarmalıdır. Faydasız legionerlərin heyətdən təmizlənməsi də vacibdir. Amma onları eyni adamlar başqalarıyla əvəzləyəcəksə, “Neftçi”də heç nə dəyişməyəcək. Klubda baxış dəyişməli, büdcənin zənginliyi işin keyfiyyətinin artırılmasına xidmət etməlidir.

“Zirə”yə gəlincə, artıq komandanın büdrəmək limiti bitib. Ardıcıl 10 qələbəsiz matç mövsümün əvvəlində yığılan xal ehtiyatının tükənməsinə səbəb olub. Yuxarı pillələrdə qalmaq üçün komanda toparlanmalıdır. Rəşad Sadıqovun yetirmələri mübariz oyun göstərir, heç vaxt qapazaltı olmur, lakin hücumdakı “dişsizliy”ə çarə tapılmadıqca uğursuzluq davam edəcək. Qəsəbə təmsilçisi etibarlı müdafiə ilə işin yalnız yarısını görə bilir. Komanda 23 oyuna cəmi 14, hətta autsayder “Qəbələ”dən də az qol vurub. Çempionatın ən qeyri-məhsuldar komandası hələ də 4-cü pillədə qalmağına sevinməlidir.

“Sumqayıt” isə məğlubiyyətsiz oyunlar seriyasına davam edir. “Turan Tovuz”la bumövsümkü 3-cü heç-heçə “kimyaçılar”ın 2-ci pillədə qalmasına yardımçı oldu. Amma yəqin ki, Sumqayıtda hər kəs ev oyununda qələbə gözləyirdi. Belədə rəqiblərlə fərq yaradıb daha bir həftə rahat nəfəs almaq olacaqdı. İndi isə uurlu seriya bitən kimi komanda yendən təzyiq altına düşəcək.

Dünənki matçın qolsuz bitməsinin bir səbəbi də rəqiblərin ehtyatlı oynaması, daha çox uduzmamağı düşünməsi idi. Bu baxımdan tovuzluları bərabərlik daha çox razı saldı. Qələbə qərbliləri birbaşa 5-ci pilləyə qaldıra bilərdi, amma onlar bir xalı da qənimət bildilər.

23-cü turdan sonra turnir cədvəlində vəziyyət qarışıqdır. Lider çox uzaqlaşıb, autsayderlər də bəllidir, onları növbəti turdakı şəxsi dueli çox suala aydınlıq gətirəcək. Digər yerlərin, avrokuboklara vəsiqələrin taleyi isə yəqin ki, mövsümün sonunadək tam aydınlaşmayacaq.

FƏRİD

Shares: