“Adana Dəmirspor”un baş məşqçisi Hikmət Karaman Türkiyə Superliqasının 26-cı turunda “Alanyaspor”la 3:3 hesablı heç-heçə etdikləri oyun barədə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis 0:2 hesabı ilə geridə olarkən fasilədən sonra Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevi əvəzləməsinə aydınlıq gətirib. O, bunu qolkiperin zəif çıxışı ilə əlaqələndirib: “Fərdi səhvdən iki qol buraxdıq. Bu vəziyyətdən çıxmaq baş məşqçi üçün çətindir. Fərdi səhvlərdən sonra əvəzləməyə əl atmaq, taktikanı dəyişmək asan olmur. Biz də ikinci hissəyə qapıçı dəyişikliyi ilə başladıq. Şahruddinin səhvinə gəlinsə, qapıçı da səhv edə bilər, o da bizim oyunçumuzdur. Ancaq məsuliyyəti üzərimə götürərək bu riskə getdim. İki qol buraxmışdı, ruhdan düşmüşdü. Fasilədən sonra “çərçivə”yə keçən Vetad Karakuş penalti dəf etdi. O da rəqabətin içində olduğunu göstərdi”.
Qeyd edək ki, “Adana Dəmirspor” hazırda 32 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır.