“Braqa”nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk görüşdəki 2:4 hesablı məğlubiyyətə baxmayaraq, hələ də ümidini itirmir.
O, Bakıdakı matçda bunun əvəzini çıxmağa çalışacaqlarını bildirib: “Bir müddət əvvəlki vəziyyətə qayıtmağımız üçün bizə ardıcıl qələbələr lazımdır. Düzdür, heyətimizdə müəyyən itkilər var. Üstəlik, yaşlı oyunçuların çox olması da o demək deyil ki, komandada emosional balans yoxdur. “Qarabağ”la cavab oyununa çox az vaxtımız var. Doğma azarkeşlərimiz qarşısında məğlub olsaq da, vəziyyəti dəyişmək üçün qarşıda hələ daha 90 dəqiqəmiz var. Bunun üçün də əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab qarşılaşması fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.