Futbol üzrə Misli Premyer Liqasının XXIII turunun 4 oyununa şahidlik etdik. “Qəbələ” – “Qarabağ” matçının təxirə salındığı turda azarkeşlər 10 qol izlədi. Tur ən çox “Neftçi”nin işinə yaradı. “Ağ-qaralar” ikinci pillədəki “Sumqayıt”ın xal itkisindən faydalanaraq aradakı fərqi azaltdılar, üstəlik, digər rəqibləri “Zirə”, “Səbail”, “Araz-Naxçıvan” və “Turan Tovuz”dan bir qədər uzaqlaşdılar.
Ponomaryovla “Sabah”a inam var
Yeni baş məşqçisinin adına hələ də aydınlıq gəlməyən, oyunlara idman direktoru İqor Ponomaryovun rəhbərliyi altında çıxandan bəri heç də pis təsir bağışlamayan “Sabah” “Kəpəz”i xalsız yola salmaq niyyətində idi. Turun açılış qarşılaşması bolqollu alındı. “Sabah” erkən qol axtardığı vaxtda gözlənilmədən mərkəzə dəvət edildi. “Kəpəz”in braziliyalı futbolçusu Martins Junior qurulan baxımlı kombinasiyanın yekununda dəqiq zərbə ilə toru silkələdi.
Hesabda geri düşən ev sahibləri tarazlığı bərpa etmək üçün dərhal irəli atıldılar. “Sabah”ın heyətində xüsusən İshak Belfodil fəallığı ilə seçilirdi. O, imkan tapdığı məqamlarda zərbə vuraraq rəqib qapıçının sayıqlığını yoxlayırdı. Ancaq “Kəpəz”in qolkiperi İqor Rodriqes səddini keçmək onun üçün mümkün olmurdu. Əvəzində Kahim Parris səhnəyə çıxdı və 37-ci dəqiqədə cərimə meydançası daxilində sol ayağı ilə topu ustalıqla uzaq küncə göndərdi.
“Sabah” ilk hissənin sonundakı üstünlüyünü ikinci hissənin əvvəlində də davam etdirdi. Çox keçmədi ki, bu, hesabda da özünü əks etdirdi. 55-ci dəqiqədə Kahim Parrisin ötürməsindən sonra Cesse Sekidika dəqiq zərbə ilə toru silkələdi. İki qolla kifayətlənməyən “Sabah” üçüncü qolun axtarışında idi. Ardıcıl hücumların yekununda Kristian da Silva cərimə meydançası həndəvərindən dəqiq zərbə ilə hesab arasındakı fərqi 2-yə çatdırdı. Qalan dəqiqələrdə “Kəpəz”in gücü 1 qola çatdı. Amil Yunanovun kornerdən sonra başla vurduğu qol oyunda yekun hesabı müəyyənləşdirdi.
Ponomaryovun baş məşqçi postuna müvəqqəti keçidindən sonra “Sabah”ın oyununda irəliləyiş var. Bu, nəticələrdə də özünü göstərməkdədir. “Kəpəz”lə matçda 20 yaşlı Xəyal Əliyevin iştirakı da diqqət çəkdi. “Sabah” son qələbə sayəsində Gəncə klubu ilə arasındakı xal fərqini 11-ə çatdırdı. Paytaxt klubu bu cür çıxışını davam etdirsə, ikinci pilləyə də yüksələ bilər.
Ramalinqom = Əliyev
“Səbail” – “Araz-Naxçıvan” matçında hansı nəticənin qeydə alınacağı maraq doğururdu. Ev sahibləri ötən tur “Kəpəz” üzərində inamlı qələbə qazanmış, qonaqlar isə “Neftçi”ni məğlubiyyətə uğratmışdılar. Oyunda hesabın açılması özünü çox gözlətmədi. 13-cü dəqiqədə künc zərbəsindən ötürülən topu Aleksandr Ramalinqom dəqiq baş zərbəsi ilə qapıdan keçirdi. Ancaq bu qol “Araz-Naxçıvan”ı ruhdan salmadı. Qonaqlar hesabı bərabərləşdirmək üçün dərhal irəli atıldılar. Naxçıvan klubunun heyətində xüsusən Orxan Əliyev fəallığı ilə seçilirdi. O, 3 epizodda şansı boşa verdikdən sonra, nəhayət ki, istəyinə çatdı. Yarım saatın tamamında Turan Manafovun yerinə yetirdiyi cərimə zərbəsini Səlahət Ağayev dəf etsə də, qayıdan topu Orxan dəqiq zərbə ilə qapıdan keçirdi.
Bu qoldan cəmi 5 dəqiqə sonra Orxan Əliyev dubla imza atdı. Yusif Nəbiyevin qeyri-dəqiq ötürməsindən sonra topu ələ keçirən Əliyev aşırma zərbə ilə Səlahətə heç bir şans vermədi. Bu, Orxanın Premyer Liqanın cari mövsümündə 9-cu qolu oldu. Komandalar fasiləyə “Araz-Naxçıvan”ın üstünlüyü şəraitində yollandılar.
İkinci hissənin əvvəlində qonaqlar daha fəal təsir bağışlasalar da, qol vuran tərəf “Səbail” oldu. 61-ci dəqiqədə Yusif Nəbiyev ilk hissədəki səhvini bağışlatdı. Məhz onun dəqiq ara ötürməsindən sonra Ramalinqom rəqib qolkiperi keçərək, topu boş qapıya göndərdi. O, Premyer Liqanın cari mövsümündə vurduğu qolların sayını 10-a çatdırdı.
Bu nəticə “Səbail” və “Araz-Naxçıvan”dan çox rəqiblərə sərf etdiyindən, oyunun qalan dəqiqələrində də qolun vurulacağı istisna edilmirdi. Hər iki tərəfin yenə fərqlənmək şansları olsa da, hesab dəyişmədi. Beləliklə, ilk dövrədə “Səbail”ə uduzan, ikinci dövrədə isə heç-heçə edən “Araz-Naxçıvan” yenə Şahin Diniyevin komandasına qalib gələ bilmədi.
Sumqayıtda dolmayan tribunalar və qolsuz oyun
“Turan Tovuz”u Mehdi Hüseynzadə adına şəhər stadionunda qəbul edən “Sumqayıt”ın budəfəki ev matçında anşlaq yaşanmadı. “Neftçi” ilə görüşdə tribunalar dolsa da, tovuzlularla qarşılaşmanı cəmi 1480 tamaşaçı izlədi.
“Turan Tovuz”un yeni transferi, komandaya qısa zamanda adaptasiya olan Aleks Souza 5-ci dəqiqədə topu rəqib qapısından keçirsə də, oyundankənar vəziyyət qeydə alındığı üçün qol sayılmadı. İlk hissənin sonrakı dəqiqələrində real qol vəziyyəti qeydə alınmadı və sönük keçən birinci yarı qolsuz tamamlandı.
Fasilədən sonra da “Sumqayıt”la müqayisədə qonaqlar daha fəal təsir bağışlayırdılar. Xüsusən Aleks Souza nəsə etməyə çalışır, ancaq cəhdləri faydasız qalırdı. Qurulan hücumların sonunda zərbələr “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov üçün təhlükə yaratmırdı. Ev sahiblərinin azsaylı qol epizodlarından birində isə cərimə meydançasında qərarlaşan Erik Sorqa cinahdan ötürülən topa çata bilmədi. Nəticədə “Sumqayıt”la “Turan Tovuz”un cari mövsümdəki 3-cü dueli də heç-heçə ilə nəticələndi.
“Neftçi”ni ikinci pillədən 1 xal ayırır
“Zirə”ni qəbul edən “Neftçi” “Sumqayıt”ın xal itkisindən faydalanmaq istəyirdi. Eyni zamanda, “qartallar” da bu istəklə meydana çıxmışdılar, üstəlik, qələbəsizlik seriyasına son qoymaq istəyirdilər. Matça “Zirə” daha fəal başladı. İlk dəqiqələrdə qonaqların ardıcıl zərbələrinin qarşısını ev sahiblərinin gənc qolkiperi Rza Cəfərov aldı. “Neftçi” isə ilk hücumundaca hesabı açmağa nail oldu. Filip Ozobiçin ara ötürməsindən sonra rəqib qapıçı ilə üzbəüz qalan Ervin Koffi şansı qaçırmadı və dəqiq zərbə ilə toru silkələdi.
İlk hissənin son dəqiqəsində “Zirə” Ceyhun Nuriyevlə rəqib qapısına yol tapsa da, hücumun əvvəlində Qismət Alıyev Kilan Lebonun ayağını tapdaladığı üçün qol VAR-ın müdaxiləsindən sonra ləğv olundu. Qonaqlar bu qərara etiraz etsələr də, onların narazılığı qərarı dəyişmədi.
62-ci dəqiqədə “Zirə” Stefan Aka ilə rəqib qapısına yol tapdı. Ancaq bu dəfə də qol qeydə alınmadı. Referi Qismət Alıyevin kornerdən ötürməsindən sonra topun qapı xəttini keçdiyini əsas gətirərək, hesabın dəyişmədiyini bildirdi. “Neftçi” cavab hücumunda hesab arasındakı fərqi artırmağa çox yaxın oldu. Lakin Lebon rəqib qapıçını aldatdıqdan sonra topu boş qapıya göndərə bilmədi. “Zirə”nin son həmləsində isə Ceyhun Nuriyevin ötürməsinə Rafael Utziq çatmadı.
Beləliklə, “Neftçi” vacib qələbə qazanaraq ikinci pillədəki “Sumqayıt”la aradakı xal fərqini 1-ə endirdi, turnir cədvəlindən özündən altdakı rəqiblərdən bir qədər uzaqlaşdı. “Zirə”nin isə çempionatda qələbəsiz oyunlar seriyası 10-a çatdı.
AĞA