“Sumqayıt” klubunun yarımmüdafiəçisi Murad Xaçayevin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının XXIII turunda “Turan Tovuz”la qolsuz heç-heçə etdiniz. Nəticəni ədalətli saymaq olar?

– Oyun əsasən meydanın mərkəzində keçdi. 90 dəqiqə ərzində az sayda qol vəziyyəti yarada bildik. Bu mənada, heç-heçəni əldalətli nəticə saymaq olar.

– “Neftçi” ilə Mehdi Hüsenyzadə adına şəhər stadionunun açılış matçında anşlaq yaşanmışdı. Ancaq “Turan Tovuz”la görüşdə eyni halı müşahidə etmədik, oyunu 1480 azarkeş izlədi. Bu, sizi məyus etdimi?

– Əlbəttə, biz “Turan Tovuz”la matçda da tribunaları azarkeşlərlə dolu görmək istərdik. Təkcə bu görüş deyil, bütün ev oyunlarımızda stadionda anşlaq yaşanması xoş olardı. Axı, bizi ruhlandıran, bizə motivasiya verən azarkeşlərimizdir. “Turan Tovuz”la görüşdə soyuq havaya rəğmən, bizi dəstəkləmək üçün stadiona gələn insanlara təşəkkürümü bildirirəm. Matçın sonunadək bizə yaxşı dəstək oldular.

– Maraqlıdır ki, cari mövsümdə “Turan Tovuz”la keçirdiyiniz hər 3 oyunda heç-heçə qeydə alınıb. Bunu nə ilə əlaqələndirirsiniz? Bu, hər iki komandanın bir-birindən ehtiyatlandığını göstərmir?

– “Turan Tovuz” 5 müdafiəçi ilə çıxış edir. Üstəlik, taktiki cəhətdən ağıllı oynayırlar. Bu səbəbdən “Turan Tovuz”la bütün oyunlarımız ağır keçir. Bu mövsüm hər 3 görüşdə heç-heçənin qeydə alınmasını bununla əlaqələndirirəm.

– Qış fasiləsindən sonra “Sumqayıt”ın oyununu necə dəyərləndirirsiniz? Çempionatın 3-cü dövrəsində qeydə alınan nəticələr tam ürəyinizcədir?

– Fasilədən sonra 5 görüş keçirmişik və bunların heç birində məğlub olmamışıq. “Qəbələ” və “Neftçi”yə qalib gəlmişik, “Araz-Naxçıvan”, “Zirə” və “Turan Tovuz”la isə heç-heçə etmişik. Nəticə ürəkaçandır. Məncə, bu tempdə də davam etməliyik.

– Ölkə çempionatında növbəti oyununuz “Qarabağ”a qarşı olacaq. Liderdən xal qoparmaq mümkün olacaq?

– Hər kəs “Qarabağ”ın gücünü bilir. Bizi çətin oyun gözləyir. Buna baxmayaraq, meydana təslim olmaq üçün çıxmayacağıq. Bu görüşdən yaxşı nəticə ilə ayrılmağa çalışacağıq.

– “Sumqayıt” hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Mövsümün sonunadək indiki yerinizdə qala biləcəksiniz?

– Mövsümün sonuna hələ çox var. İndiki məqamda bizi ancaq növbəti oyun düşündürür. Hər dəfə qarşıdakı matça köklənirik. Təbii ki, 2-ci yerdə qalmaq üçün növbəti görüşlərdən maksimum nəticə ilə ayrılmalıyıq.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp