Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin əmin əllərdə olması üçün onların təhsilinə diqqət ayırmalıyıq. Bunun üçün isə təkcə zəka yox, həm də sağlamlıq şərtdir. Bu, bir növ binanın sağlam bünövrə üzərində inşa olunmasına bənzəyir.

Hərçənd burada keyfiyyət bünövrə ilə də ölçülmür. Tikinti məhsullarının keyfiyyətsizliyi onun gələcəkdə dağılmasına səbəb ola bilər. Hər nə qədər memar novator olsa da, hər nə qədər onun ideyası diqqəti cəlb etsə də, məhsulun yararsızlığı bütün əziyyətin üstündən xətt çəkə bilər. İnsan sağlamlığını da məhz binanın keyfiyyəti ilə müqayisə edə bilərik. Hər şey isə yeniyetməlik illərindən başlayır. Bu illərdə onların təhsilini fikirləşərkən, həm də onların sağlam şəkildə böyüməsi üçün çalışmalıyıq.

Məsələ ondadır ki, təhsil deyəndə həmişə dövlətin üzərinə düşən öhdəliyi düşünürük. Yəni hər nə qədər valideynlər uşaqlarının savadlı olması üçün əllərindən gələni etsə də, tədrisi dövlətə həvalə edirlər. Amma sağlamlığın qeydinə daha çox valideynlərin qalmalı olduğu düşünülür. Uşağın sağlam böyüməsi təkcə onun qidasına diqqət ayırması demək deyil. Bu, həm də bədən tərbiyəsi ilə ekvalent təşkil edir. Məşhur deyimdə olduğu kimi, idman sağlamlığın rəhnidir. Hər nə qədər valideynlər övladlarının istəyi və şəxsi təşəbbüsləri sayəsində onları müxtəlif idman dərnəklərinə yazdırsa da, bu, təkcə könüllü xarakter almamalıdır. Evdə gimnastika hərəkətlərindən tutmuş idman mərkəzlərində yarışlarda iştirak sərbəst həyata keçirilsə də, dövlət də müəyyən mənada bu prosesə nəzarət etməlidir. Həmin nəzarət prinsipi də təhsil proqramı çərçivəsində həyata keçirilməlidir.

207135 - Futbolinfo.az

Bəli, söhbət ibtidai məkətblərdə bədən tərbiyəsi fənninin proqrama salınmasından gedir. Ola bilər ki, hansısa uşaq peşəkar idmançı olmaq istəməsin, amma o sağlam böyümək üçün bu fənnin faydalarından yararlanmalıdır. Məktəblərdə ana dilimiz necə hər bir uşağın gələcəyi üçün mayak rolunu oynayırsa, bədənimizi dilləndirmək də uzunömürlü olmaq üçün təkandır. Sağlam bədəndə sağlam ruhu formalaşdırmaq üçün belə desək, bu fənnin xidmətlərindən istifadə etmək lazımdır.

Həqiqəti başa düşmək üçün belə fəlsəfi cümlələr qurmağa ehtiyac da yoxdur. Bədən tərbiyəsinin sağlamlığa faydası aksioma olduğundan onu kiməsə sübut etmək üçün ifadə vasitələri fikirləşmək gərəksizdir. İdman dərslərindən təkcə sağlamlıq üçün yararlanmaq natamamlıqdır. Yəni əsas fayda bu ola bilər. Amma hər şey bununla da ölçülmür.

Məktəblərdə bədən tərbiyəsi həm də şagirdlərin məntiqi zəkasının inkişafına da təkan olur. Çünki idmanda uğur qazanmaq təkcə fiziki hazırlıqla ölçülmür. Ən güclülər strategiyadan istifadə etməsələr, uğur qazana bilməzlər. Məktəblərdə tədris olunan bədən tərbiyəsi fənni uşaqlara strategiya qurmağı öyrədir. Məsələn, digər fənnlərə nəzər salsaq, onların cövhərində və ya ruhunda belə bir imtiyazın olmadığını görərik. Məktəbdə keçirilən digər fənnlər haradasa əzbərçilik modeli əsasında formalaşıb. Amma bədən tərbiyəsi əmək fənni ilə birgə konkret insanı fəaliyyətə və düşünməyə kökləyir. Sadəcə, əmək fənni ilə müqayisədə idmanda qalib gəlmək anlayışı var. Qələbə olan yerdə isə mütləq strategiya da olur. Bu isə məntiqi zəkanın formalaşması deməkdir.

thumb 20160310085241708 - Futbolinfo.az

Primitiv qaçış yarışından tutmuş mürəkkəb komanda mübarizələrinə qədər hər bir növdə strategiya lazımdır. Məsələn, götürək elə primitivliyi. Təsəvvür edin ki, iki şagirdi 500 məsafəyə qaçış yarışında qarşılaşdırırsınız. Onlara başa salmaq lazımdır ki, məsafəni sona qədər eyni sürətlə qaçmaq mümkün deyil. Burada uğurlu başlanğıcla yanaşı uğurlu finiş də şərtdir. Startda yaxşı sürət götürüb gücünü bölüşdürməsən, finiş ərəfəsində yorulub geriyə düşə bilərsən. Ona görə doğru strategiyadan yararlanmaq lazımdır. Uşaqları strategiya anlayışı ilə tanış edib gələcəkdə onların uğurlu karyera qurmasına təkan vermək olar.

Göründüyü kimi, strategiya həm də praktika deməkdir. Deməli, bədən tərbiyəsi həm də praktik fənn kimi şagirdlərə fayda verir. Amma bu digər praktik fənnlərdən həm də öz xüsusiyyətinə görə seçilir. Məsələn, fizika, kimya və ya biologiya fənnini nəzəri olaraq öyrənmək kor-koranəliyə və ya faydasız əzbərçiliyə yol açır. Müəllimlər bu fənnləri tədris edərkən laborotoriya otaqlarını seçilrər. Bura informatika fənnini də əlavə etmək olar. Amma yenə də bu fənnlərdə hər şeydən əvvəl nəzəriyyəni oxumaq lazımdır. Bədən tərbiyəsi fənnində isə praktika əsas şərtdir. Yəni hansısa mətni oxumadan müəllimə diqqət yetirmək lazımdır. Yəni burada kommunikasiya ilə fəaliyyət paralel addımlamalıdır. Burada nəzəriyyə ilə praktikanı bir-birindən ayırmaq olmur. Bu da o deməkdir ki, bədən tərbiyəsi fənni hamı üçün əlçatandır.

d335dcf2 2e51 3d90 a569 893439b4ab74 850 - Futbolinfo.az

Bədən tərbiyəsini digər fənnlərdən, hətta praktiki əmək dərsindən fərqləndirən daha bir cəhət var. Şagirdlər humanitar və ya texniki elmləri sırf özlərinin inkişafı üçün öyrənir. Məsələn, heç kim ədəbiyyat və ya cəbr fənnini öyrənərkən başqasını fikirləşmir. Amma bədən tərbiyəsi fənnində şagirdlər müəyyən idman növü ilə məşğul olarkən həm də kollektivçiliyi öyrənir. Təbii ki, söhbət komanda idman növlərindən gedir. Şagirdlər burada yarışsa belə, onların müəyyən qismi yardımlaşmaq məqsədi güdür. Bu da onlarda öz mənafeyini qurban verib komanda idealları uğrunda mübarizə aparmağı, həm də uşaqlara yardımlaşma hissini aşılayır. Məhz bədən tərbiyəsi fənni ilə gələcəyimizin mayakları bu xüsusiyyətləri əxz edir.

Bədən tərbiyəsi fənninin məktəblərdə tədrisinin başqa faydalarından da danışmaq olar. Əsas olan bu fənnə tədris müəssisələrində dəyər verməkdir. Təəssüf ki, cəmiyyətimiz bədən tərbiyəsinə önəm versə də, bu fənnin məktəbdəki faydalarına bir qədər laqeyd yanaşır. Təbii ki, süni şəkildə bu fənni əsas humanitar və texniki fənnlərlə tərəzinin bir gözünə qoymaq olmaz. Amma onun faydalarından yararlanmaq şərtdir.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp