Ekvadorlu yarımmüdafiəçi Cordan Rezabalanın karyerasını Azərbaycanda davam etdirəcəyi qətiləşib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “gənclik şəhəri” təmsilçisi ilə münasibətləri artıq rəsmiləşdirib.

“Sumqayıt”la 1 illik müqaviləyə qol çəkən pleymeykerin Azərbaycana köçmə səbəbi müəyyənləşib. Bildirilir ki, Avropada ilk macərasını Azərbaycanda keçirəcək oyunçu Premyer Liqamızı keçid dönəmi gözündə görür: “Cənubi Amerikadan təklifləri olsa da, Azərbaycan variantını üstün tutdu. Rezabala “Sumqayıt”da özünü göstərməklə Avropanın daha böyük futbol ölkələrinə yollana biləcəyinə inanır. Oranı seçmə səbəbi də budur”.

Qeyd edək ki, Cordan Rezabala cəmi 23 yaşı olmasına baxmayaraq, tez-tez klub dəyişməklə diqqət çəkir. O, ölkəsi Ekvadorla yanaşı, Meksikada da çıxış edib.

Amma məsələ ondadır ki, Rezabalanın gəlişi baş məşqçi Samir Abasovun ürəyincə deyil. O, indiki dönəmdə bu futbolçunun gəlişini lazımsız sayır. Amma “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev transferdə israr edir. Rəfiyev klubdan daha çox şəxsi qazancını düşündüyündən, yarımmüdafiəçini düşərgəyə gətirir. Abasov onu ehtiyatda saxlasa, buna təəccüblənməməliyik.

Shares: