“Səbail” klubunun futbolçusu Rafael Məhərrəmlinin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının XXIII turunda “Araz-Naxçıvan”la heç-heçə (2:2) etdiniz. Qələbə qazanmağınız üçün nə çatmadı?
– Çox gərgin və maraqlı oyun alındı. Meydanda sona qədər mübarizə getdi. Bu görüşdə həm qələbə qazana, həm də məğlub ola bilərdik. Əsas odur uduzmadıq, qazanılan 1 xal bizə mövsümün sonunda vacib olacaq.
– Bu görüşdə dubl edən Aleksandr Ramalinqomun əsl formasını bərpa etdiyini deyə bilərik?
– Bizim əla komandamız var. Hər kəs meydanda əlindən gələnin ən yaxşısını etməyə çalışır. Əgər hər hansı bir futbolçunu fərqləndiririksə, bu, bütün futbolçularımıza şamil edilməlidir. Zamanla daha yaxşı olacağımıza inanıram.
– Qış fasiləsindən sonra “Səbail”in çıxışını necə dəyərləndirirsiniz?
– Əla toplanış keçdik. Zədələlilərin çox olmasına baxmayaraq, yavaş-yavaş öz oyunumuzu tapmağa və baş məşqçimizin verdiyi tapşırıqları maksimum yerinə yetirməyə çalışırıq. Son 2 oyunda qazandığımız 4 xal bizə bir qədər də inam gətirir.
– Çempionatda növbəti oyunu “Sabah”a qarşı keçirəcəksiniz. Rəqib son vaxtlar inamlı təsir bağışlayır. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?
– Bizi şənbə günü daha bir çətin qarşılaşma gözləyir. Bütün komanda olaraq birgünlük istirahətin ardından məşqlərə başladıq. Var gücümüzlə çalışırıq. Əsas məqsədimiz yaxşı futbol nümayiş etdirib uğurlu nəticə qazanmaqdır. “Sabah”ın çox yaxşı heyəti var. Düşünürəm ki, hər iki komanda üçün çətin oyun olacaq.
– Qışda “Səbail”ə cəlb edilən yeni transferlər haqda hansı fikirdəsiniz? Onlar komandaya əlavə güc qata biliblər?
– Yeni futbolçularımızın performansı göz qabağındadır. Komandaya yaxşı uyğunlaşdılar. Biz də əlimizdən gələni edirik ki, heç kim çətinlik çəkməsin. Zamanla daha yaxşı olacağımıza inanıram.
– “Səbail” mövsümün sonunda avrokuboklara vəsiqə qazanan komandaların sırasında ola biləcək?
– Dediyim kimi, hər oyunda əlimizdən gələni etməyə çalışırıq. Mövsümün sonuna hələ kifayət qədər var. Ona görə bu barədə danışmaq tezdir. Amma komanda olaraq biz uğurlu finişə layiqik. Mövsümü bacardığımız qədər üst pillələrdə bitirmək istəyirik.
– Əksəriyyət bu mövsüm çempionatda rəqabətin artdığını deyir. Siz bu fikirlə razısınız? Azərbaycan Premyer Liqasının hazırkı səviyyəsi haqda nə deyə bilərsiniz?
– Həqiqətən də çətin çempionatdır, mübarizə pik nöqtədədir. Əksər komandalar mükafatçılar sırasında olmağa can atırlar.
CAVAD