Portuqaliyanın “Braqa” komandasının baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyunu barədə danışıb.

Futbolinfo.az xəbər verir ki, o, “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri səfər oyununda ümumi hesabda 5:6 uduzaraq (ilk oyunda 2:4) mübarizəni dayandırmalarına münasibət bildirib:

“İlk oyunda neqativ nəticə qeydə alınmışdı. Bura məğlub durumda gəlmişdik. Vəziyyəti xeyrimizə dəyişmək üçün qələbə lazım idi. 90 dəqiqə ərzində tarazlıq yaratdıq. Komanda yaxşı işlədi, vuruşdu, mübarizə apardı. Bəzi səhvlərə yol verdik. Onlar olmamalıydı. Amma ümumilikdə komanda vuruşdu. Həmin səhvlər cütün taleyini həll etdi.

İlk oyunda qeydə alınan həmin nəticə bizi burada qələbə qazanmağa məcbur edirdi. Qalib gəldik. Amma mərhələ keçmək üçün yetərli olmadı. Tez bir zamanda bərpa olmalıyıq. Komanda çox güc sərf etdi, həm mənəvi, həm də fiziki cəhətdən. Bazar ertəsi növbəti oyunumuz var. Tez hazırlaşmalıyıq.

Heyətdə bəzi dəyişikliklər etmişdim. Məcbur idik buna. Heyətdə daha hazır oyunçular olmalı idi. Ümumi hesabı bərabərləşdirə bilmişdik. Mənə ən çox təsir edən buraxdığımız ikinci qol idi. Belə səviyyəli yarışda belə qol buraxmaq, bağışlanmaz səhvdir.

Qonaqpərvərliyə görə sizə təşəkkür edirəm. Hansı hisslərlə qayıdacağam? Təəssüf ki, yarışı tərk edirik. Öz liqamıza fokuslanacağıq”.

Shares: