“Qarabağ”ın səfərdə 4:2 hesabı ilə qalib gəlməsi də heç nəyi dəyişməmişdi. Matçın favoriti “Braqa” idi…

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi kimsə təmsilçimizin 1/8 finala adladığını düşünmürdü. Portuqaliyada bir az da sürpriz şəkildə qazanılan qələbənin revanşı daha çətin olacaqdı. “Braqa” ölkəsinin önəmli komandalarından biridir və bura Çempionlar Liqasından gəlmişdi.

Amma oyunun ilk hissəsi “Qarabağ” futbolçularının matçın önəmini yaxşı dərk etdiyini, arxayınlaşmadıqlarını göstərdi. Hətta rəqibdən daha yaxşı görünən ağdamlılar topa hakim olub əla təzyiq yarada bilmişdi. Erkən qol buraxmayan təmsilçimizin fasiləyə də heç-heçəylə yollanması sevindirici idi.

Elvin Cəfərquliyevin ani diqqətsizlikdən sonra yoldaşlarını azlıqda qoyması ilə ssenari dəyişdi. “Braqa” say üstünlüyünü öncə təşəbbüsü ələ almaqla, daha sonra hesabda önə keçməklə fürsətə çevirdi. 90 dəqiqənin tamamında artıq iki oyunun ümumi nəticəsi bərabər (4:4) idi.

“Qarabağ” müdafiəyə “otursaydı”, bəlkə də məğlub olacaqdı. Komanda topa sahib olmağa çalışdı, əks-hücumlarda nicat aradı. Və Qurban Qurbanovun sonradan meydana buraxdığı hər iki futbolçu qol vurmaqla zəfərə rəng qatdı. İlk oyunun da qəhrəmanlarından olan Marko Yankoviçin fədakarlığı sayəsində orta sahədə üstünlüyü əldən verməyən “Qarabağ” hesab arasındakı fərqi azaltsa da, “Braqa” yenidən 2 top fərqini bərpa etdi. Lakin son dəqiqələrdə gələn qol “Qarabağ”ın tarixdə ilk dəfə Avropa Liqasının 1/8 finalına vəsiqə qazanması üçün yetərli oldu.

Ümumi qələbəyə (6:5) çevrilən məğlubiyyətdə (2:3) hər bir komanda üzvünün müəyyən rolu var idi. Lakin Qurbanov uğurun baş memarıdır. İlk oyunun son dəqiqələrində əla şansı qaçıran Nəriman Axundzadəyə yenidən şans vermək, gənc oyunçuya güvən göstərmək hər məşqçinin işi deyil. Qurban bəy riskdən çəkinmədi və mükafatını aldı – qələbə qolunu məhz Nəriman vurdu.

“Qarabağ” hər keçən mövsüm uğuruna daha bir naxış əlavə edir. 1/8 final arzuların növbəti həddi idi və ona da çatmaq mümkün oldu. İndi növbəti rəqib gələcək və onun “Braqa”dan daha güclü olacağına şübhə yoxdur. Amma o qədər favorit komanda görmüşük ki – “Braqa” kimi…

ABBAS

Shares: