PSJ gələn mövsümdən Kilian Mbappesiz oynama fikrinə yavaş-yavaş alışır. Buna bir misal kimi dünənki oyunu qeyd etmək olar. Baş məşqçi “Renn”lə matçda 66-cı dəqiqədə ulduz forvardı əvəz etdi və bundan sonra parislilər məğlubiyyətdən xilas oldular.
Baş məşqçi Luis Enrikenin oyundan sonrakı sözləri də maraqlıdır: “Gec-tez Kilian Mbappesiz oynamağı öyrənməli olacağıq”.
Beləliklə, yeni bir layihə qurmağın vaxtı yetişib. Əsas ulduzun maaşına gedən 200 milyon avronu transferlərə xərcləmək olar.
“The Times”ın məlumatına görə, PSJ-nin idman işləri üzrə müşaviri Luiş Kampuşa bu maliyyəni Çempionlar Liqasını qazanmağa qadir olan gənc komandanın qurulmasına sərf etmək tapşırılıb. Prioritet məsələ hücumçu almaqdır: maraq göstərilən oyunçular siyahısına Viktor Osimhen və Markus Reşford daxildir.
İngilis futbolçunun “Mançester Yunayted”lə 2028-ci ilə qədər müqaviləsi var. Burada hər şey yeni sahiblərdən biri Cim Retkliffin mövqeyindən asılı olacaq. Kampuş artıq 2022-ci ildə Reşford ilə danışıqlar aparıb. Lakin o zaman Mbappeyə gedən məsrəflər transferin gerçəkləşməsinə mane olub.
“L’Equipe” nəşrinin müxbiri Loik Tanzi gələ biləcək yeni futbolçuların daha geniş siyahısını açıqlayıb. Onun sözlərinə görə, parislilər bir superulduz almaqdansa, daha geniş heyət qurmağı planlaşdırır.
Hücumda əsas hədəf Viktor Osimhendir. Onun Kampuşla xüsusi əlaqəsi var: portuqaliyalı menecer hücumçunu 2017-ci ildə Nigeriyada keçirilən turnirdə tapıb və onun istedadına ən çox inananlardan biri olub.
2019-cu ildə o, hücumçunu Almaniya və Belçikadan sonra “Lill”ə gətirə bildi. Kampuş çoxdan idi ki, Osimhenlə yenidən birlikdə işləmək istəyirdi. Bu mənada Viktorun özü də Fransaya qayıtmağın əleyhinə deyil.
Bernardo Silva PSJ-nin illərdir arzuladığı oyunçulardan biridir. Onun “Mançester Siti” ilə 2026-cı ilin yayına qədər müqaviləsi var, lakin 60 milyon avroya sərbəstqalma bəndi bu yay aktivləşəcək.
Onun da istedadını birvaxtlar Kampuş kəşf edib: gənc Silva hələ peşəkar futbolda debüt etmədiyi vaxtda “Benfika”dan “Monako”ya gətirilib. Həmin vaxt Kampuşa Bernardonun çətin Liqa 1 üçün çox cılız olduğunu söyləsələr də, o müqavilənin gerçəkləşməsində israr edib.
Parislilər Fransaya daha bir portuqaliyalının – Rafael Leaonun qayıtmasına ümid edirlər. Onun “Milan”la 2028-ci ilə qədər müqaviləsi var. Lakin sözləşmədə təzminat bəndləri də mövcuddur.
Siyahıdakı digər böyük ad Məhəmməd Salahdır. Görünən odur ki, PSJ müqaviləsi başa çatmaq üzrə olan istənilən superulduzla maraqlanır. Misirlinin “Liverpul”la 2025-ci ilin yayına qədər müqaviləsi və Səudiyyə Ərəbistanından cəlbedici təklifləri var.
Parislilər dayaq yarımmüdafiəçisi zonasında Coşua Kimmixi görmək istəyir. Qışda onun üçün Münhenə təklif göndərilsə də, “Bayern” dərhal rədd cavabı verdi. Yayda fransızlar yenidən danışıqlar aparmağa çalışacaqlar: almaniyalının Tomas Tuhellə münasibəti yaxşı deyil (baxmayaraq ki, məşqçi tezliklə komandanı tərk edəcək) və müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.
PSJ bu mövqe üçün “Nyukasl”dan Bruno Gimarayeşi də nəzərdən keçirir.
Perspektivli gənclərlə (xüsusilə də fransızlarla) müqavilə imzalamaq PSJ-nin yeni layihəsinin digər mühüm hissəsidir. Məsələn, parislilər “Real”, “Mançester Yunayted” və digər yüksək səviyyəli komandaların təqib etdiyi “Lill”in 18 yaşlı müdafiəçisi Leni Yoronu artıq heyətə qatmaq üzrədir.
PSJ həm də Qavini “Barsa”dan komandaya cəlb etmək istəyir. Bu məsələdə Luis Enrikenin etimadı və nüfuzu kömək edə bilər.
Bundan əlavə, icarə əsasında “Leypsiq”də oynayan Xavi Simons da Parisə qaytarıla bilər. Almanlar yarımmüdafiəçini daha bir mövsüm saxlamaq istəyirlər, lakin Mbappenin gedişindən sonra yenidənqurma prosesi bu planları poza bilər.
İLQAR AĞAYEV