“Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Sxadadzenin futbolinfo.az saytına müsahibəsi
– Uzun müddətdən sonra yenidən Azərbaycanda çalışacaqsınız. Hansı hissləri keçirirsiniz?
– Təyyarə ilə Bakıya uçanda məndə elə hiss yarandı ki, sanki öz evimə gəlirəm. Azərbaycanla bağlı xoş xatirələrim var. Bu ölkədə uzun müddət yaşamışam, işləmişəm. Buradakı işim pis alınmayıb. Odur ki, Azərbaycana qayıtdığım üçün ancaq gözəl hisslər keçirirəm.
– Adətən iddialı klublarda işləmisiniz. Azərbaycanda da vaxtilə “İnter”lə uğurlar əldə etmisiniz. Necə oldu ki, hazırda sonuncu pillədə qərarlaşan “Qəbələ”nin təklifini qəbul etdiniz?
– Tək motivasiyamız var: “Qəbələ” böyük klubdur. Bu klubun öz tarixi və əla infrastrukturu var. Bunlar təklifə “hə” deməyim üçün yetərli faktlardır. Bir də “Qəbələ” rəhbərliyi – klubun prezidenti və idman direktoru mənə yaxın insanlardır. İstəyirik ki, komandanı hazırkı çətin vəziyyətdən birlikdə çıxaraq. Bu, bizə motivasiya verir. Əfsuslar olsun ki, bugünkü gündə “Qəbələ” çempionatda yüksək yerlər uğrunda mübarizə aparmır. Hazırda komandanın hədəfi Premyer Liqada qalmaqdır. Həyatda hər şey olur. Bu durum hər bir klubun başına gələ bilər. Əsas odur ki, bu situasiyadan çıxa biləsən. Bizim də hazırda əsas məqsədimiz budur. “Qəbələ”yə kömək etməyə gəlmişəm. Bu klub hər şeyin ən yaxşısına layiqdir.
– 9-cu pillədə qərarlaşan “Kəpəz”dən hazırda 8 xal geridəsiniz. Bu xal fərqini aradan qaldırmaq və Premyer Liqada qalmaq mümkün olacaqmı?
– Razıyam ki, “Qəbələ” üçün çox çətin vəziyyət yaranıb. Bunu hamı dərk edir. Ancaq çıxılmaz vəziyyət deyil. Hər durumdan çıxış yolu tapmaq mümkündür. Bunun üçün çox çalışmaq, maksimum dərəcədə oyunlara köklənmək lazımdır. Bu, həm məşqçilər heyətinə, həm də futbolçulara aiddir. Təbii ki, bir qədər də şansımız gətirməlidir. Bunlar hamısı olsa, istəyimizə çatacağıq.
– “Qəbələ” ilə 1,5 illik müqavilə imzalamısınız. Belə çıxır ki, komandanı Premyer Liqada saxlaya bilməsəniz, I Liqada çalışmağa razı olacaqsınız?
– İndiki məqamda ancaq yaxşı nəticə barədə düşünürük. Pis sonluğu ağlımıza gətirmirik. Çünki hazırkı vəziyyətdən çıxmağın mümkün olduğu qənaətindəyik.
– Azərbaycandan gedəndən sonra futbolumuzu, ölkə çempionatını yaxından izləyirdiniz? Bu müddətdə çox dəyişiklik baş verib?
– Əlbəttə, izləyirdim. Biz bir-birimizə yaxın ölkələrik. Azərbaycan və Gürcüstan arasında dostluq münasibətləri hökm sürür. Üstəlik, mən uzun illər bu ölkədə işləmişəm və Azərbaycanı çox sevirəm. Bu mənada, çempionat oyunlarına da mütləq baxırdım. Xüsusən, son günlərdə Azərbaycan Premyer Liqasının xeyli sayda matçını izləmişəm. Fürsətdən istifadə edərək “Qarabağ”ı Avropa Liqasında böyük uğura imza atdığı üçün təbrik edirəm. “Qarabağ” və Qurban Qurbanov Azərbaycan futbolunun canlı əfsanəsidir. Onlar qızıl hərflərlə öz tarixlərini yazıblar. Avroliqanın növbəti mərhələsində də “Qarabağ”a uğurlar arzulayıram. Çempionatın səviyyəsinə gəlincə, onu daha da qaldırmaq üçün potensial var. Hər birimiz bunun üçün var gücümüzlə çalışmalıyıq.
AĞA