“Araz-Naxçıvan”ın futbolçusu Mohamed Kadirinin futbolinfo.az saytına müsahibəsi
– Son turda “Zirə”yə məğlubiyyəti nə ilə əlaqələndirirsən?
– 0:3 hesabı ilə uduzduq, çünki şanssız olduq. Qol vurmaq üçün fürsətlər əldə etsək də, bundan yararlana bilmədik. Hakimin də komandamıza qarşı ədalətli davranmadığını deyə bilərəm. Referinin bəzi qərarları müzakirə olunmalıdır.
– Konkret hansı epizodlardan narazısız?
– Bir neçə epizod var. Hakim bizə qarşı ədalətsizcəsinə davrandı. Azərbaycan çempionatında bu cür hallar çox pisdir. Bilirəm ki, hakimlər dediklərimə görə məni sevməyəcək, amma danışmasam, doğru olmaz.
– Qış fasiləsindən sonra 6 oyun keçirmisiz və cəmi bir qələbə var. Bu, sizi narahat etmir?
– Düşünürəm ki, biz bütün oyunlarda qalib gələ bilmərik. Bütün oyunları uduzmaq da olmaz. Səhvlərimizdən dərs almalıyıq. Öyrənəcəyimiz çox şey var. Çətinliklərimiz var, hər şeyin üzərində düşünmək lazımdır.
– “Araz-Naxçıvan” mövsümə çox yaxşı başladı və avrokubok ümidi yarandı. Amma çempionatın ikinci yarısında vəziyyət ürəkaçan deyil. Necə düşünürsən, məqsədinizə çatacaqsız?
– Çempionatın ilk yarısında rəqib komandalar “Araz-Naxçıvan”ı yaxşı tanımırdı. İndi isə bütün komandalar bizim haqqımızda məlumata sahibdir. Ona görə də ikinci yarıda oyunların asan olmayacağını bilirdik. Əlbəttə ki, çox çətin olacaq. Amma yaxşı oynayırıq, sadəcə, bəxtimiz gətirmir. İnşallah, yenə də qələbələrlə qayıdacağıq, gec deyil, hələ heç nə bitməyib. Qarşıda 12 oyunumuz var.
– Səncə, avrokubok şansı qalır?
– Düşünürəm ki, hələ də şansımız var. Sadəcə, səhvləri düzəltmək və yola davam etmək vaxtıdır.
– Qarşıda “Sabah”la oyun var, qələbə qazana biləcəksiz?
– Çox çətin oyun olacaq. Amma biz qalib gəlmək üçün səfərə gedəcəyik. Qələbə üçün mübarizə aparacağıq.
AĞA