Martın 3-də ABŞ-nin Las-Veqas şəhərində Rafael Nadalla Karlos Alkaras arasında oyun keçiriləcək. Həmin oyuna qədər isə tennisçilər məşq edəcəklər.
Proqramın təşkilatçısı dünyaca məşhur “Netflix” platformasıdır. Onlar proqrama məşhur tennisçilərlə məşqləri də daxil ediblər. Sözsüz ki, məşqlər pulludur. Tanınmış tenisçilərlə eyni kortda top vurmaq üçün pul ödəmək lazımdır.
Lakin ən maraqlısı belə məşq üçün ödəniləcək məbləğdir. Rafael Nadal və ya Karlos Alkarasla məşq etmək istəyən şəxs 150 min ABŞ dolları ödəməlidir.
Belə bir qiymətə nəyin daxil olduğu da dəqiq deyil. Bunu öyrənmək üçün təşkilatçıların ofisinə zəng etmək lazım gəlir. Məşqin nə qədər davam edəcəyi ilə bağlı rəsmi məlumat yoxdur.
Onu da qeyd edək ki, belə bir imkan limitlidir. Artıq Nadal və Alkarasla məşq etmək üçün satılan biletlər tükənib. Las-Veqasda imkanlı adamların yaşadığını nəzərə alsaq, bunun təsadüfi olmadığını görərik.