Azərbaycan yığmasının və “Neftçi” klubunun sabiq qapıçısı Cahangir Həsənzadənin futbolinfo.az saytına müsahibəsi

– Vaxtilə formasını geyindiyiniz “Neftçi”də Miodraq Bojoviçin gəlişindən sonra oyun baxımından irəliləyiş varmı?

– “Neftçi”də hazırda nəyinsə dəyişdiyini demək və ya onu görmək çox mürəkkəbdir. Yeni təyinatdan sonra qısa zaman keçib. Qış transfer dövründə o qədər də fəal olmayıblar. Buna görə də yeni fəlsəfənin, yeni oyun üslubunun tam oturması üçün hələ tezdir. Məncə, indiki halda yeni məşqçinin işi barəsində nəsə demək artıqdır. Bu, bir müddət keçəndən sonra oyunların, nəticələrin fonunda danışılmalıdır.

– “Zirə” mövsümə yaxşı başlayıb uzun müddət birinci və ikinci yerdə qərarlaşsa da, hazırda 4-cü pillədədir. Sizcə, Rəşad Sadıqovun komandası mövsümün sonunda avrokuboklara vəsiqə qazananların sırasında ola biləcək?

– “Zirə” çempionatın ilk yarısında kifayət qədər xal toplamış və turnir cədvəlinin ilk sıralarında məskunlaşmışdı. Fasilədən sonra komanda istədiyi nəticəni əldə etməkdə çətinlik çəkir. Bunun obyektiv və subyektiv səbəbləri var. Amma Rəşad Sadıqov komandasının nəbzini tuta bilib. Fikrimcə, mövsümün sonunda avrokuboklara vəsiqə qazananlardan biri də “Zirə” olacaq. Əsas odur ki, komandası Rəşadın istədiyi futbolu oynayır. Bu cür davam etsələr, nəticələr yenidən gələcək.

– “Kəpəz” və “Qəbələ” arasında Premyer Liqada qalmaq uğrunda mübarizə gedir. Bu rəqabətdə hansı komandanın şansını daha yüksək dəyərləndirirsiniz?

– Bu komandalar turnir cədvəlinin son sıralarında məskunlaşıblar. “Qəbələ”nin şansı daha az görünür. Öz aralarında keçirdikləri son oyunda “Kəpəz” “Qəbələ”ni üstələdi. Həmin matçdan sonra “Qəbələ”nin şansları daha da azaldı, çünki bilavasitə əsas rəqibinə məğlub oldu. Hazırda arada 8 xallıq fərq var. Bu fərqi aradan qaldırmaq üçün “Qəbələ”yə bəlkə də möcüzə lazım olacaq.

– Çempionatımızda çıxış edən qapıçılardan kimləri bəyənirsiniz və bu mövsüm inamlı çıxış etdiyini düşünürsünüz?

– Sözün düzü, heç bir qapıçı stabil oyunu ilə seçilmir. Ümumi səviyyələri kifayət qədər yüksəkdir. Amma konkret birini qeyd edə bilmərəm. Çünki zaman-zaman yaxşı oyunları olduğu kimi, böyük səhvlərə də yol verirlər. Xoşa gəlməyən məqamlardan biri də odur ki, hesaba təsir edən qapıçı səhvləri olur. Buna görə də kimisə qeyd etməyə çətinlik çəkirəm. Ancaq əminəm ki, çempionatın sonu yaxınlaşdıqca komandaları üçün qapıçıların rolu daha da artacaq.

– Qışda klublarımızın heyətlərinə cəlb etdikləri yeni transferlərdən kimlər komandalarına əlavə güc qata biliblər?

– Qış transfer dövründə fəallıq göstərən klublarımız oldu. Amma yeni gələnlər turnir cədvəlinə və komandalarının sərgilədiyi oyunun keyfiyyətinə o qədər də təsir etmədilər. “Qarabağ” yenə ən güclüdür və keyfiyyətli oyunu, öz dəsti-xətti ilə bunu sübut edir. Digər komandalar isə bir-birlərinə çox yaxındırlar. Düşünürəm ki, 5-6 oyundan sonra yeni transferlərin nəyə qadir olduğunu tam görəcəyik. Oyunlarda, qələbələrdə yeni transferlərin rolu olmalıdır.

– Milli komandamızın Millətlər Liqasındakı rəqibləri – İsveç, Slovakiya və Estoniya yığmaları haqda hansı fikirdəsiniz? Qrupdakı şansımız nə qədərdir?

– Reytinqlərinə görə ən çətin rəqiblər düşüb. Hər biri ilə yaxın keçmişdə oyunlarımız olub, qalib də gəlmişik. Bununla belə, millimizə çox çətin olacağını düşünürəm. Bu oyunlarda nəticə qazanmaq üçün maksimum səfərbər olmaq lazımdır. Hər bir futbolçumuz ən yaxşı oyununu göstərməlidir.

ABBAS

Shares: