“Burada kifayət qədər vaxt keçirmişəm. Azərbaycanın ən yaxşı klubunda oynayıram”.
Futbolinfo.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Kilan Lebon mətbuat konfransında deyib.
26 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”da böyük nailiyyətlər qazanmaq istədiyini bildirib: “Burada yetərincə təzyiq olduğunu hiss edirik”.
Sent-Martin millisinin formasını geyinən oyunçu ölkəmiz barədə danışıb: “Bura gələndə Azərbaycan haqqında məlumatım yox idi. Amma həmişə dostlarıma sizin qonaqpərvər olduğunuzu deyirəm. Məni evlərinə dəvət edənlər də olub. Bu yaxınlarda Qusara da getmişdim. İnanılmaz mənzərə və gözəl dağların şahidi oldum. Yeməklərinizin adlarını bilmirəm, amma bəyənirəm”.
Lebon öz çıxışına da toxunub: “Qolların sayı az olsa da, məhsuldar ötürmə çoxdur. Mövsümün sonuna kimi 6 qol vura bilərəm. Formadayam, özümü yaxşı hiss edirəm”.
Lebon Premyer Liqanın 25-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri matç barədə də danışıb:
“Bizim üçün ağır qarşılaşma olacaq. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bunun üçün yaxşı oyunçularımız da var. Amma hər şey bəzən istədiyimiz kimi olmur”. (Report
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu martın 3-də, saat 19:00-da başlayacaq.