Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Ümumdünya Şurası Bəhreyndə keçirdiyi iclasda qarşıdan gələn mövsüm üçün sprint yarışlarının formatını rəsmi olaraq təsdiqləyib.
Yeni sprint formatı belə olacaq:
Cümə: sərbəst yürüşlər və sprintin təsnifatı
Şənbə: sprint yarışı və əsas mərhələnin təsnifatı
Bazar: yarış
Ümumilikdə, 2024-cü il mövsümündə sprint yarışları olan 6 mərhələ olacaq: Çin qran-prisi (21 aprel), Mayami qran-prisi (5 may), Avstriya qran-prisi (30 iyun), ABŞ qran-prisi (20 oktyabr), Sao Paulo qran-prisi (3 noyabr) və Qətər qran-prisi (1 dekabr).
Reqlamentə bir sıra düzəlişlər də təsdiq edilib. Həddindən artıq isti hava zamanı pilotlar üçün kabinədə əlavə soyutma avadanlığının quraşdırılmasına icazə verilib. FİA-nın Ümumdünya Şurası 2026-cı il mühərrikləri üçün vahid təchizatçıları da təsdiqləyib.