“Neftçi” və “Qəbələ”nin sabiq futbolçusu Stiven Jozef-Monroz hər iki komandanın cari mövsümdəki çıxışına qiymət verib.

Fransalı hücumçu futbolinfo.az saytına açıqlamasında əvvəlcə “Neftçi”də baş verən proseslərdən danışıb.

33 yaşlı forvard qış fasiləsindən sonra baş məşqçi postuna təyin olunan Miodraq Bojoviçin işinin çətin olacağını düşünür: “Bojoviç tanınmış məşqçi ola bilər. Amma bu, “Neftçi” azarkeşləri üçün kifayət deyil. Onlar komandadan qələbələr gözləyirlər. Fikrimcə, buna haqları çatır və uğur qazanmağa layiqdirlər. Bu mənada Bojoviçə də vaxt verilməyəcək. Monteneqroluya ən yaxşı halda növbəti mövsüm də şans veriləcək. Əgər komanda ümidverici oyun sərgiləməsə, məncə, yeni baş məşqçi axtaracaqlar. Çünki “Neftçi” böyük klubdur, bura gələn mütəxəssis nəticə verməlidir. Bojoviçin Azərbaycana, daxili birinciliyə uyğunlaşmasından çox şey asılıdır”.

Monroz rumıniyalı Adrian Mutunun istefaya göndərilməsinə də münasibət bildirib. O, bunu qanunauyğunluq adlandırıb: “Həm nəticə ürəkaçan deyildi, həm də komanda ümidverici oyun göstərmirdi. Ortada oyun yoxdursa, onu saxlamaqla vaxt itirməyin mənası da yox idi”.

Hücumçu digər sabiq komandası “Qəbələ”nin isə Premyer Liqada qalmaq şansının çətin olacağını fikirləşir: “Qəbələ”nin sonuncu yerdə qərarlaşması məni çox məyus edir. Onları autsayder kimi görməyə öyrəşməmişəm. Baş məşqçi dəyişikliyini normal hesab edirəm. Düzdür, ötən mövsüm uğurlu olmuşdular. Ancaq keçmişlə yaşamaq olmaz. Ümid edirəm ki, baş məşqçi dəyişikliyi müsbət nəticəsini göstərər, komanda elitada qalar. Hərçənd bu, çox çətin görünür”.

Qeyd edək ki, Stiven Jozef-Monroz 2017-2019-cu illərdə “Qəbələ”, 2019-2021-ci illərdə isə “Neftçi”nin formasını geyinib.

Shares: