Serbiyalı yarımmüdafiəçi Uroş Matiç sabiq komandası “Qarabağ”ın avrokuboklarda çıxışı barədə fikirlərini bildirib.

O, futbolinfo.az saytına açıqlamasında Ağdam klubunun Avropa Liqasında 1/8 finala qədər irəliləməsinin təsadüf olmadığını söyləyib: “Qarabağ”ın bütün oyunlarına baxmağa çalışıram. Bu komandanın uğurlarına görə sevinirəm. Ağdam klubu Qurban Qurbanovun sistemli işinin bəhrəsini hər il görür. Hər mövsüm müntəzəm olarq avrokubokların qrup mərhələlərində çıxış etdiklərindən, bu dəfə 1/8 finala çıxmaları məni təəccübləndirmədi”.

33 yaşlı oyunçu Azərbaycan çempionunun növbəti mərhələdə Almaniya təmsilçisi “Bayer” önündə şanslarını da dəyərləndirib: “Bu mövsüm ən çox diqqətimi çəkən “Qarabağ”ın hücum xəttidir. “Braqa” kimi komandanın qapısına iki oyunda 6 qol vurmaları təsadüf deyil. Məncə, “Bayer” üçün “Qarabağ”ı keçmək asan olmayacaq. “Bayer”in işinin qrup mərhələsindəki kimi asan olacağını düşünmürəm. Xüsusən də Bakıdakı ilk görüşdən çox şey asılı olacaq. Düzdür, Almaniya komandası bu mövsüm çox güclüdür və hazırda turnirin ən güclüsüdür. Buna baxmayaraq, “Bayer” Bakıda çətinlik yaşayacaq. Futbolda mümkünsüz heç nə yoxdur”.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü ayın 14-də Leverkuzendə keçiriləcək. Uroş Matiç 2020-21 mövsümündə Ağdam klubunun formasını geyinib.

Shares: