Bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Tədbirin ilk dəfə Bakıdan kənarda baş tutmasının səbəbi var.
Futbolinfo.az xəbər verir ki, uzun müddətdir tikintisi davam edən və inşası ötən ilin sonunda yekunlaşan “Kəpəz” akademiyası artıq istifadəyə hazırdır. AFFA rəhbərliyi, o cümlədən İcraiyyə Komitəsinin üzvləri bu idman qurğusunun rəsmi açılış mərasimində iştirak edəcək.
Açılış mərasimindən sonra burada İcraiyyə Komitəsinin çoxdan gözlənilən iclası baş tutacaq. Komitə üzvləri AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixini müəyyən edəcək. Çox güman, prezident seçkisi ilə əlamətdar olacaq Konfrans martın son ongünlüyünə təyin olunacaq.
Qurum üzvləri digər məsələləri də müzakirə edəcək ki, onların arasında bəlli olan aşağı yaş qrupları üzrə milli komandalara məşqçi təyinatlarıdır.
Xatırladaq ki, bu tədbirlər yanvarın 11-də baş tutmalı idi. O zaman AFFA prezidenti Rövnəq Abdullayevin səhhətində yaranan problemlər əsas gətiriləcək həm akademiyanın açılış mərasimi, həm də İcraiyyə Komitəsinin iclası təxirə salınmışdı.