Bəhreyndə Formula 1 mövsümünün ilk təsnifat mərhələsi geridə qalıb. Saxirdə keçirilən sıralanma turu keçənilki çempionatın davamı olub. Üçqat dünya çempionu Maks Ferstappen poul qazanaraq yarışa birinci yerdən start vermək hüququ əldə edib.
Təsnifat mərhələsinin ilk sessiyası çempionatın autsayderlərini müəyyənləşdirib. Testlərdən sonra irəli sürülən ehtimallar özünü doğruldub. Böyük ambisiyalara malik “Alpin” komandasının ən zəif maşına malik olduğu üzə çıxıb. Komandanın fransız pilotları Okon və Qasli son yerdə qərarlaşıblar.
Digər uğursuz 3 nəfərdən biri, gözlənildiyi kimi, Loqan Sarcint olub. Amerkalı pilot yenə də mübarizəni ilk sessiyada başa vurub. Bottas və Jou da bu 3 nəfər kimi ilk 15 pilot sırasına düşə bilməyib.
Adətən daha maraqla keçən ikinci sessiyada ciddi qeyd ediləsi hadisə baş verməyib. Keçən ilin ən güclü 5 komandası bu çempionatda da eyni mövqedə olduğunu nümayiş etdirib. Təkcə Niko Hülkenberq ənənəvi düzülüşü pozmağı bacarıb. O, zəif nəticə göstərən Lens Strollu final sessiyasından kənarda qoyub.
Onluğa düşə bilməyən digər pilotlar Kevin Maqnussen, Aleksandr Albon, Daniel Rikkardo və Yuki Tsunoda olub. Maraqlıdır ki, yapon sürücüyüə növbəti mərhələyə keçmək üçün 0,007 saniyə çatmayıb.
Son sessiyada Maks Ferstappen ilk cəhddə ambisiyasını nümayiş etdirib. Şarl Lekler isə ikinci sessiyadakı nəticəsini göstərə bilməyib. 10 nəfər arasında yalnız Fernando Alonso bir cəhd edib. İspan pilot yekunda 6-cı olub. 3-cü yer isə Corc Rasselə qismət olub. “Ferrari”dən Karlos Sayns 4, “Red Bull”dan Serxio Peres 5-ci yerdən start vermək hüququ qazanıb.