AFFA İcraiyyə Komitəsinin Gəncə toplantısı futbolumuzun sabahı ilə bağlı mənzərəni qismən müəyyənləşdirdi. Prezident Rövnəq Abdullayevin namizədliyini verməyəcəyini elan etməsi və bunun qərarların açıqlandığı xəbərdə xüsusi qeyd edilməsi təsadüf sayıla bilməz.
Təbii ki, Abdullayevin bu qərarı öz xoşu ilə verdiyini demək olmaz. Onun “Rabitəbank”la müqavilənin imzalanmasına nail olması, “Dalğa Arena”nın adının satılması mərasimində iştirak etməsi, hətta AFFA-da sertifikat paylaması postunda qalmaq üçün son çırpıntıları idi. Lakin bütün bunların köməyi olmadı, qərar verilib və ona hətta namizəd olmağa da icazə verilmədi.
Gəncədəki toplantıya Abdullayevin komandasına daxil olan, illərdir söz sahibi kimi tanınan komitə üzvlərindən heç birinin getməməsi də maraqlı idi. Kazbek Tuayev, Elşad Nəsirov, Zaur Axundov, Mahir Məmmədov – onlar illərlə davam edən dönəmin bitdiyini anlayır. Bunu Elxan Məmmədov Parisə qaçdığı gündən bilir, FİFA-da əyləşib uğursuz cəhdlər etsə də, arzusu gözündə qaldı, islahat dalğası onu da ağuşuna aldı. Əslində, bir ildən çoxdur İK-nın tədbirlərinə qatılmayan bu şəxsin indiyədək komitədən çıxarılması Nizamnamənin tələbidir və yəqin ki, aprelin 2-də rəsmiləşəcək.
Sözügedən şəxslərin Abdullayevin vida mərasiminə qatılmaması onların İcraiyyə Komitəsinin növbəti heyətində təmsil olunmayacaqları deməkdir. Vaqif Sadıqovun adının təqaüdçülər siyahısına daxil edilməsi bu şəxsə də siqnal olmalıdır. Yeni tərkibin necə formalaşacağı çox maraqlıdır.
Yeni AFFA prezidenti ilə bağlı dəqiq məlumat yoxdur. Namizədlər bəllidir, müəyyən xəbərlər var, amma kimsənin adı konkret göstərilmir. Son günlər yenidən SOCAR xətti ağırlığını artırıb, lakin namizədlərin açıqlanacağı günə qədər təxmin etmək belə mümkün deyil. Kim? Hansı xidmətlərinə görə? Hansı plan-proqramla?..
Lakin o dəqiqdir ki, AFFA-dakı dəyişikliklər indidən idarə olunur. Milli komandanın baş məşqçisinin seçilməsinin yubadılması təsadüfi deyildi. Sonda hamı anladı ki, tələsik təyinatın faydası yoxdur, yeni AFFA prezidenti gələndən sonra strategiya müəyyənləşməli, ona uyğun addım atılmalıdır.
Vəziyyət nəzarətdə olduğundan, hətta aşağı yaş qruplarından ibarət millilərə məşqçi təyinatları da yubadıldı. Xatırlayırsızsa, yanvarın 11-ə təyin olunan, sonradan təxirə salınan iclasın Gündəliyində təyinatlarla bağlı bənd var idi. Lakin İK-nın bu həftə baş tutan iclasında bu məsələ birdəfəlik “unuduldu”. Daxili qərarla məşqçilər aprelin 1-dək postunda saxlanılıb, yenilərin kim olmasına isə AFFA-nın yeni prezidenti və İcraiyyə Komitəsi üzvləri qərar verəcək. Bu isə o deməkdir ki, islahatlar bütün sahələri əhatə edəcək.
FƏRİD