Türkiyənin İstanbul şəhərində “ECA Academy Visit” layihəsi çərçivəsindəki növbəti tədbir keçirilib.
Futbolinfo.az xəbər verir ki, Avropa Klublar Assosiasiyasının (ECA) dəstəyi təşkil olunan tədbirdə “Qarabağ”ı akademiyanın koordinatoru Aftandil Hacıyev təmsil edib.
Mütəxəssis “Fənərbaxça”nın təşkil etdiyi bu görüş barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Fənərbaxça”nın idman direktoru Mario Branko, klub rəsmiləri və akademiya rəhbərliyi ilə görüşümüz oldu. Onlar klub haqda ümumi məlumatları iştirakçılarla bölüşdülər. Düşünürəm ki, Türkiyənin ən böyük klublarından biri olan İstanbul təmsilçisinin həm böyük imkanlara malik əsas komandasında, həm də akademiyasında böyük işlər görülüb. Yeni akademiya inşa edilməsi də planlaşdırılır. “Fənərbaxça” akademiyası əsas komandaya da, digər klublara da oyunçu verir”.
Hacıyev layihənin faydasını qeyd edib: “İki gün sürən tədbir səmərəli keçdi. İspaniya, Böyük Britaniya, Yunanıstan və digər ölkələrdən olan klublardan mütəxəssislər iştirak edirdilər. Onlarla yaxşı əlaqələrimiz yarandı. Akademiyada U-19-u çalışdıran Semih Şentürk və U-16-da işləyən Murat Hacıoğlu ilə görüşlərimiz oldu. Gələcəkdə bunlar bizə faydalı olacaq”.