“Qarabağ”ı tarixi uğurdan saniyələr ayırdı. Qrup matçında son dəiqələrdə xal əldən getmişdisə, bu dəfə “Bayer” üzərində qələbə eyni ssenariylə alınmadı.

Leverkuzenlilər zatən cütün favoritidir. Hətta Bakıdaa qazanılacaq qələbə də heç nəyi dəyişməyəcəkdi. Lakin rəqibin 34 oyunluq məğlubiyyətsizlik seriyasını qırmağa, Avropaya səs salmağa bu qədər yaxın ikən…

Bundesliqanın lideri ilə oyunda 2:0 hesablı üstünlük qazanmaq sıradan nəticə deyil. Matçın Avropa Liqasının 1/8 finalına təsadüf etdiyini nəzərə alsaq, ağdamlıların gördüyü iş daha yüksək qiymətləndirilməlidir. Təəssüf ki, komandalar arasında səviyyə fərqi məhz oyunçu keyfiyyəti, çempionatlar dakı rəqabət baxımından fərqli idi. “Bayer” təzyiqi artırınca yekun nəticə ürəyimizcə olmadı.

Bəlkə də matçdan öncə 2:2 hesablı heç-heçəyə ikiəlli razılaşardıq. Amma oyunun gedişini, “Qarabağ”ın xüsusilə ilk hissədəki oyununu nəzərə alsaq, təəssüflənməmək olmur. Leverkuzenlilər fasilədən sonra etdiyi dəyişikliklərlə gedişatı, yekunda nəticəni dəyişdisə, Qurban Qurbanovun belə imkanı yox idi. Faktiki meydandakı start heyətini gücləndirmək üçün ehtiyatda bircə oyunçu yox di, ən yaxşılar meydandaydı.

Qurban Qurbanov yüksək səviyyəli məşqçi olduğunu dünən göstərdi. Komandanın potensialına görə oynanılan futbol ən xoş sözlərə layiq idi. Lakin “Qarabağ” yüksək təzyiqə dözəcək heyətə malik olmadığından oyunun sonlarında işlək mexanizm sıradan çıxdı. İlk qolu özümüz hədiyyə etdik, son dəqiqələrdə isə növbəti səhv yekun nəticəni müəyyənləşdirdi.

Şans bitməyib, ümidlər azalsa da, hələ də “Qarabağ”ın möcüzə etmək imkanı var. Təbii ki, Almaniyadakı oyun daha çətin keçəcək. Leverkuzenlilər tam gücü ilə oynasa, heç bir şans yoxdur. Ümid yalnız rəqibin Bundesliqanı düşünüb Avropa Liqasına barmaqarası yanaşmasına, “Qarabağ”ı qiymətləndirməməsinədir. Yalnız o zaman sürprizə imza atmaq, qol vurub hesabı qorumaq üçün cəhd etmək olar.

İstənilən halda, “Qarabağ”  mümkün olanın ən yaxşısını bacarıb. “Bayer”lə cavab oyunundan sonra yeni mövsümün planlarını cızmaq, daha da güclənmək şərtdir. Amma bu iş bir komanda ilə olmur. Çempionatın səviyyəsi qalxmalı, digər komandalarımız da güclənib rəqabəti yüksəltməlidir.

FƏRİD

Shares: