Bu gün bəşəriyyət qarşısında duran ən vacib problemlərdən biri Yer kürəsindəki ekoloji vəziyyətdir. Keçən əsrdən başlayaraq insanlar və dövlətlər bu problemin ciddiliyini anlamağa başlayıb. Məhz buna görə də problemin həlli yollarının axtarışı aktual məsələlərdən birinə çevrilib.

Bu cür problemlərin yaranmasının əsas səbəbkarı elə insanın özüdür. Sənayeləşmənin geniş vüsət alması Yer kürəsini belə bir vəziyyətə gətirib çıxarıb. Vəziyyətin ciddiliyi son illər daha qabarıq şəkildə görünməkdədir. Məhz buna görə də 2018-ci ildə BMT-nin sədri həyəcan təbili vuraraq, bütün dünya ictimaiyyətinin diqqətini ekologiyaya yönəltməyə çalışdı. Buna qədər də dünya ölkələri problemin həlli üçün simpozium və konfranslar keçirirdi.

Lakin son illərdə məsələ təkcə iclas və toplantılarla bitmir. Artıq qəbul edilən qərarların gerçəkləşməsi üçün mexanizmlər işləməyə başlayıb. Bu səbəbdən də Beynəlxalq Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP) hər kəsin diqqətində olan vacib tədbirlərdən sayılır. Ötən il bu tədbir BƏƏ-də keçirilmişdi. Həmin tədbirdə növbəti, 29-cu konfransın yeri kimi Bakı şəhəri elan edildi.

Ölkəmiz bu il ekoloji problemlərin həllinə çalışan onminlərlə insanı qəbul edəcək. Ümid edirik ki, bu tədbirdə inqilabi qərarlar qəbul ediləcək. Ən vacibi isə odur ki, konfransın ölkəmizdə keçirilməsi bizim də qlobal istiləşmə düşüncəmizi dəyişəcək, Azərbaycanın füsunkar təbiətinin qorunması yolunda əməli addımlar atılacaq. Xüsusilə də urbanizasiyanın xoşagəlməz təsirlərinə məruz qalan paytaxt Bakının nəfəs almasına şərait yaradacaq.

Qlobal istiləşmənin bəşəriyyətin bütün sahələrinə təsiri var. İdman da insanlığın ayrılmaz bir hissəsi olduğu üçün, bu problemlərdən öz qayğılarını götürür. Son illərdə orta hava tempraturunun aşağı düşməsi buzlaqların əriməsinə gətirib çıxarır. Parnik effektinin mövcudluğu ümumi tempraturu qaldırır və nəticədə planetdəki soyuq ərazilərin sayı gündən-günə azalır. Bundan da ən böyük əziyyəti qış idman növləri çəkir.

Misal üçün uzağa getməyərək, bu yaxınlarda baş tutmuş biatlon üzrə dünya çempionatını qeyd edə bilərik. Son illərdə qış idman növləri zamanı süni qardan istifadə ənənəvi hala çevrilib. Artıq buna o qədər də fikir verilmir. Lakin yarış zamanı yağışın yağması nadir hallardandır. Əvvəllər belə halları müşahidə etmək mümkün deyildi. Ancaq keçən ay Çexiyada keçirilən dünya çempionatında problemin dərinliyini bu amil əyani şəkildə nümayiş etdirdi. Təsəvvür edin ki, xizəklə qaçan idmançıların başına qar deyil, yağış yağırdı. Belə olan halda trassın vəziyyəti də dəyişir, idmançılar bu günə qədər rastlaşmadıqları problemlərlə qarşılaşırlar. Bir neçə il əvvəl biatlonçunun atəş açarkən qarla deyil, yağışla mübarizə aparacağını təsəvvür belə etmək mümkün olmazdı.

7fd89d4c 5769 4a20 93c8 d3596d912369 - Futbolinfo.az

Bu, yeganə belə problem deyil. Son illər Qış Olimpiya Oyunlarını keçirmək istəyən ölkələrin sayı azalıb. Bunun da əsas səbəbi qış ölkələrinin azalmasıdır. Yəni əvvəllər Çexiya soyuq ölkə sayıla bilərdisə, indi bunu söyləmək mümkün deyil. Eyni sözləri Almaniya, Niderland və digər bir çox ölkə haqqında demək olar. Əvvəllər Almaniya Bundesliqasında havanın soyuqluğuna görə yanvar ayında oyunlar olmurdu. Amma son bir neçə ildir ki, Bundesliqa rəhbərliyi havanın dəyişdiyini görərək yanvarda çempionatı bərpa edir. Bu cür faktları onlarla gətirmək mümkündür.

İdman sənayesi ekolgiyaya ciddi təsir göstərir. Turnirlərin çoxluğu uçuşların sayını artırır. Bu da havanın çirklənməsinə təsir edən amillərdən biri və bəlkə də ən vaciblərindəndir. Təsəvvür edin ki, müxtəlif ölkələrdə yarışlar baş tutarkən, idmançılar, komandalardan əlavə təşkilat nümayəndələri, azarkeşlər də həmin yerə gedirlər. İl ərzində bunları üst-üstə qoyduqda minlərlə reys alınır.

a2249ba3 bde5 4ef5 b9d6 d764adff6e6e - Futbolinfo.az

2020-ci ildəki araşdırmaya görə idman sənayesi havaya atılan zərəli maddələrin 0,6%-nin səbəbkarıdır. Havanın çirklənməsindən ən böyük zərər idmana dəyəcək. Bunu bütün alimlər qeyd edir. Araşdırmaya görə, bu vaxta qədər Qış Olimpiya Oyunlarını qəbul edən 19 yerdən yalnız 10-u 2050-ci ildə Ağ Olimpiadanı təşkil etmək imkanına malik olacaq. 2080-ci ildə isə bu rəqəm 6-ya enəcək. Bu tendensiyanın qarşısını almaq üçün idman əməli fəaliyyətə keçməlidir. Çünki idman dünyada geniş auditoriyaya malikdir. Məhz bu imkan təbliğatı qlobal səviyyəyə qaldıra bilər.

(davamı olacaq)

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: