Səudiyyə Ərəbistanı qran-prisinin təsnifat mərhələsi geridə qalıb. Son 3 ilin çempionu Maks Ferstappen rahat qələbələr qazanmaqda davam edir. Təsnifat mərhələsində o, ciddi əziyyət çəkmədən yenə də birinci olub. Bununla da yarışda ilk sırada start vermək hüququ qazanıb. Niderlandlı sürücü karyerasında 35-ci dəfə təsnifatda ən yaxşı nəticə göstərib. Bu, Formula 1 tarixinin ən yaxşı 5-ci göstəricisidir.

İkinci yer “Ferrari” sürücüsü Şarl Leklerə qismət olub. Monakolu sürücü son cəhdində ikinci nəticə göstərməyi bacarıb. 3-cü yer isə Serxio Peresə məxsusdur. Həftə ərzində sürəti ilə seçilən Fernando Alonso 4-cü yerdən start vermək hüququ qazanıb.

Mərhələ “Mersedes” sürücüəri üçün uğursuz alınıb. Final sessiyasına yüksəlmələrinə baxmayaraq sürət qənaətbəxş olmayıb. Lyuis Həmilton son sessiyaya “Ferrari” bolidinə əyləşmiş debütant Oliver Börmanın təcrübəsizliyinə görə yüksəlib. Xatırladaq ki, komandanın əsas pilotu Karlos Sayns Səudiyyə Ərəbistanında kor bağırsağından əməliyyat olunduğuna görə yarışı buraxmalı olub.

Shares: