“Qəbələ” hər ötən tur bir addım geri gedir. Düzdür, komandanın turnir cədvəlində daha aşağı düşmək üçün yeri yoxdur, amma rəqibləri xal fərqini artırmaqdadır. Dünən xal fərqi daha bir vahid artdı və “Kəpəz”lə aradakı məsafə 12-yə çatdı. Bu isə 4 qələbə deməkdir. Mövsümün sonuna 10 tur qaldığını nəzərə alsaq, “Qəbələ”nin xilası üçün möcüzə lazımdır.
“Qəbələ”nin sabiq meneceri Nail Kərimov komanda qurmaqla bağlı bacarıqsız olsa da, aradan çıxmaqda çox mahir imiş. AFFA rəhbərliyinin illərdi çalışıb məhv edə bilmədiyi klubu o qısa müddətdə çökdürdü. Və batan gəmini hamıdan birinci tərk etdi…
İndi onu əvəz edənlər sönmüş ocaqda küllə oynayırlar. Komanda o qədər bərbad komplektləşdirilib, o qədər zəif oyunçulara məskən edilib ki, zirzəmidən çıxmaq mümkünsüzdür.
Reqlament dəyişməsə, idman prinsiplərinə əməl edilsə, “Qəbələ”nin Premyer Liqa ilə vidalaşacağı dəqiqdir. Kaxaber Sxadadze Elmar Baxşıyevdənqalma komandada heç bir müsbət irəliləyişə nail olmayıb – 3 oyuna 0 xal. Əvəzində bu müddətdə əsas rəqib olan “Kəpəz” məğlubiyyət görməyib.
Krunoslav Renduliç Misli Premyer Liqasında qələbə ilə debüt edə bildi. “Sabah”ın yeni baş məşqçisi qeyri-adi heç nə etmədi, komanda əvvəlki futbolunu oynadı. Onun işinə autsayderlə görüşə görə yox, qarşıdakı çətin sınaqlardan sonra qiymət vermək mümkün olacaq. Fakt odur ki, komandanın potensialı daha yaxşısına imkan verir. “Sabah” rəqiblərinin də büdrəməsi sayəsində 3-cü pillədədir. Renduliç komanda bu pillədən aşağı düşməyəcəyi halda uğurlu sayılacaq.
Eyni sözləri Miodraq Bojoviç haqda da demək istərdik. Amma “Neftçi”nin baş məşçisi nəticələri yaxşılaşdırmaq əvəzinə, bəhanələr fikirləşməyə başlayıb. Çempionatın ən imkanlı komandası ardıcıl 2 qələbə qazandığı vaxtı özü də unudub, son 3 matçda cəmi 2 xal əldə edib və baş məşqçi yarım milyonluq futbolçularla ümumi maaş büdcəsi o qədər olan komandanı yenə bilməməyin səbəbini başqa nüanslarda axtarır. Emin Mahmudova qarşı kobudluğa görə rəqib futbolçuya qırmızı vərəqə verilməliydimi? Bəli! Amma “Neftçi” bir vərəqədən asılı komandayamı çevrilib?
Ən kiçik büdcəli komanda olan “Kəpəz”dən 3 qol buraxmaq “Neftçi” adına ayıbdır. Bojoviç üzr istəmək, xal itkisinə görə özünü günahlandırmaq əvəzinə Tovuza qısa müddətdə ikinci dəfə gəlməyi problem edir. Matç Gəncədə, Qəbələdə keçirilsəydi, nə dəyişəcəkdi ki?
Belə işlə yayda qovulacağını bilən Bojoviçə və onun kimilərə qulaq asmaqdansa, yerli məşqçilərin qədrini bilməliyik. Adil Şükürov da Bojoviç kimi mövsümün gedişində komandanı qəbul edib. Lakin onların qazandığı xallar da, imkanları da, şəraitləri də müqayisəedilməzdir.
Hazırda aşkar lider “Qarabağ”, aşkar autsayder “Qəbələ” var. Mövsüm sona doğru getdikcə orta sıralarda da iki qütb yaranır. Belə getsə, bu gün qarşılaşacaq “Araz-Naxçıvan”la “Turan Tovuz” “Kəpəz”lə trio yaradıb 2-6-cı yerlərin mübarizəsinə tamaşa etməklə kifayətlənəcək. Amma bu gün Tovuzda qalib gələnin yuxarı qalxmaq ümidləri davam edəcək, məğlub olan isə yəqin, taleyi ilə barışacaq.
AĞA