“Zirə” artıq 6-cı pillədədir. Ardıcıl uğursuz oyunların yekununda komanda avrokubok zonasından kənarda qalıb. Amma 2-ci pillə ilə məsafə cəmi 3 xaldır. Yəni, “qartallar” uzun müddət qərar tutduğu mövqeyə qalxmaq imkanını əlində saxlayır. Qara zolaqdan çıxmaq, bir neçə ardıcıl yaxşı matç keçirmək yetərli olacaq.

Lakin “Zirə”nin son vaxtlar oynadığı futbol ümid vermir. Komanda sanki kökdən düşüb. Rəqibin “Qarabağ” olmasına baxmayaraq, hətta dünənki nəticəyə görə də qəsəbə təmsilçisini qınamaq olar. Çünki ağdamlılar mövsümdə ilk məğlubiyyətini aldığı komandaya faktiki ikinci heyətlə futbol dərsi keçdi.

“Qarabağ” isə öz işindədir. Daha iki qələbə çempionluğu erkən təmin etməyə imkan verəcək. Hətta 4-cü dövrənin bütünlüklə formallığa çevrilməsi mümkündür.

“Qarabağ” Misli Premyer Liqasının oyunlarına avrokubok matçlarının məşqi kimi baxır. Dünən Qurban Qurbanov yorğun futbolçulara istirahət verdi, oyun praktikasından əziyyət çəkənlərə şans yaratdı, hətta zədədən dönənləri də iş başında gördü. “Bayer”lə Avropa Liqasının cavab 1/8 final matçı üçün yaxşı hazırlıq idi.

Turun dünən baş tutan digər oyununda isə hər şey 2 dəqiqəyə həll olundu. Son matçlarda o qədər də yaxşı görünməyən “Turan Tovuz” orta pillələrdən ayrı düşməmək üçün vacib qələbə qazanmalı idi və bunu bacardı. Mövsümün əvvəlindəki komandanı xatırlatmayan, enişdə olan “Araz-Naxçıvan”la oyunda baş məşqçi Ayxan Avbbasovun düzgün müdaxilələri nəticəni həll etdi. Fasilədə meydana daxil olan Aleks Souza qısa müddətdə dubl edib yekun nəticəni müəyyənləşdirdi.

Oyunun gedişi elə idi ki, hesabı açan qalib gələcəkdi, kiminsə aşkar üstünlüyü görünmürdü. Tovuzlular daha cəsarətli davranıb evdəki uğurlu oyunlar seriyasına daha birini əlavə etməyi bacardı və naxçıvanlılarla xal fərqi yaratdı. Qərblilər orta sıralara qalxmaq imkanını da itirməyib.

“Araz-Naxçıvan”ın durumu isə gündən-günə pisləşir. Bu gedişlə komanda “Kəpəz”i də özündən irəli buraxacaq. Muxtar respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov hakimlikdən şikayətlənməkdə qismən haqlıdır. Sadaladığı bütün epizodlarla bağlı birmənalı fikir söyləmək çətindir, amma naxçıvanlılara qarşı səhvlər artıq neçə turdur davam edir.

Hakimlik bir yana, “Araz-Naxçıvan”ın nəticələrnin pisləşməsinə komandanın zəif oyunu da səbəb olub. Heyət yetərsizdir və hazırlığa gec başlamağın fəsadları yavaş-yavaş özünü göstərir. Avrokuboka vəsqə qazanmaq şansı hələ də qalır, amma buna ümid çox azdır. Komanda indidən yeni mövsümü fikirləşsə, daha yaxşı olar.

FƏRİD

Shares: