“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə keçirdiyi ilk oyun Almaniya futbol ictimaiyyətində böyük marağa səbəb olub.
Futbolinfo.az xəbər verir ki, yerli KİV Ağdam klubunun son illər əldə etdiyi nailiyyətləri baş məşqçi Qurban Qurbanovla əlaqələndirib.
52 yaşlı mütəxəssis hazırda Bundesliqa təmsilçisi “Heydenheym”i çalışdıran Frank Şmidtlə müqayisə olunub. Çünki 50 yaşlı almaniyalı da uzun müddətdir eyni komandaya rəhbərlik edir: “Qurban Qurbanov Azərbaycanın Frank Şmidtidir. Hər iki məşqçi illərdir eyni komandada çalışır. Şmidt 2007-ci ildən “Heydenheym”in, Qurbanov isə 2008-ci ildən “Qarabağ”ın sükanı arxasındadır. Bu da onların möhtəşəm stabilliklərinin göstəricisidir”.
Qurbanovun hələ 1/8 finalın püşkatmasından əvvəl “Bayer”in düşərgəsinə baş çəkməsi də xüsusi vurğulanıb. Almanlar bunu “Qarabağ” üçün üstünlük hesab edir: “Azərbaycanlı məşqçi qrupda “Bayer”ə iki oyunda uduzduqdan sonra bu komandanın düşərgəsində oldu, məşqini izlədi. Qurbanov Bakıdakı görüşdə bunun faydasını gördü. Leverkuzen təmsilçisi cavab matçında da maksimum diqqətli çıxış etməlidir. Çünki “Qarabağ” hər an rəqibini cəzalandırmağa hazır maşındır”.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında Bakıda keçirilən ilk matç 2:2 hesabı ilə yekunlaşıb. Cavab görüşü martın 14-də Leverkuzendə olacaq.