“Kəpəz” Miodraq Bojoviçin dediklərini təkzib edir. Gəncə klubunun mətbuat katibi Azad Mustafayev “Neftçi”nin baş məşqçisinin açıqlamasının onlar üçün də sürpriz olduğunu söyləyir.
Futbolinfo.az xəbər verir ki, Bojoviç şənbə günü “Kəpəz”lə Tovuzda baş tutan matçdan (3:3) sonra şikayətlənmişdi: “14 gün ərzində Tovuza 2 dəfə səfər etmişik. Məndə olan məlumata görə, “Kəpəz” bundan sonra Sumqayıtda oynayacaq. Yalnız bizi Tovuzda oynamağa məcbur edirlər. Bu, düzgün deyil, qaydalara ziddir. Bir komanda mövsüm ərzində 3-4 fərqli stadionda oynayır”.
Mustafayev belə qərar vermədiklərini, 56 yaşlı monteneqrolunun dediklərinin doğru olmadığını bildirir: “Növbəti ev oyunumuzu – “Qarabağ”la matçı Bakıda keçirəcəyik. Digər oyunlar üçün isə iki seçim var: ya Tovuzda oynamağa davam edəcəyik, ya da yenə paytaxtda çıxış edəcəyik. Sumqayıt bizim üçün uzaq düşür, o barədə ümumiyyətlə, düşünməmişik”.
Xatırladaq ki, Gəncə stadionu təmirə bağlandığından “Kəpəz”, ev oyunlarını Tovuzda və Qəbələdə keçirir. Sumqayıtda Mehdi Hüseynzadə adına stadion istifadəyə verildikdən sonra “Kapital Bank Arena” boş qalıb. Ola bilsin, Bojoviçi məhz bu ehtimalla kimlərsə səhv məlumatlandırıb. Monteneqrolu məşqçi də oyundan öncə mümkün uğursuzluq halında deyəcəyi bəhanələrin siyahısına bu məqamı da daxil edib və dəqiqləşdirmədən oyundan sonra dilə gətirib.