“Kəpəz” klubunun braziliyalı futbolçusu Junior Martinsin futbolinfo.az saytına müsahibəsi
– Söhbətə Misli Premyer Liqasının XXVI turunda “Neftçi” ilə keçirdiyiniz oyundan (3:3) başlayaq. Bu görüşdə qazandığınız xal sizi tam qane etdi?
– Mənə görə “Neftçi” ilə heç-heçə yaxşı nəticədir. Çünki çətin oyundan çıxdıq, güclü rəqiblə qarşılaşırdıq. Düzdür, meydandan 3 xalla ayrıla bilərdik. Ancaq 1 xal da bizim üçün pis nəticə deyil. Ən azı xal ehtiyatımızı artırdıq və yolumuza davam edirik.
– Matçın gedişində 3 dəfə hesabda önə çıxsanız da, heç birində üstünlüyünüzü saxlaya bilmədiniz. Bunun səbəbini nədə görürsünüz?
– Yaxşı məqama toxundunuz. Üstünlüyümüzü qoruya, qələbə qazana bilmədiyimiz üçün kədərləndim. Bu görüş hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edirdi. Həm “Kəpəz”in, həm də “Neftçi”nin üzvləri komandalarına xeyir vermək, qalib gəlmək üçün əllərindən gələni etdilər. Yekunda bu nəticə qeydə alındı.
– “Neftçi” ilə görüşdə 2 baxımlı qola imza atdınız. Vurduğunuz qollardan hansını daha baxımlı hesab edirsiniz? Karyeranız ərzində bundan da gözəl qollara imza atmısınız?
– Əvvəla, onu deyim ki, “Neftçi”nin qapısına 2 baxımlı qol vurduğum üçün çox xoşbəxtəm. Bu cür rəqiblə görüşdə fərqlənmək, komandana xeyir vermək möhtəşəm hissdir. Ümid edirəm ki, mövsümün qalan hissəsində də belə qollar vuracağam. Mənim üçün “Neftçi”yə vurduğum ikinci qol daha gözəl idi (gülür). Karyeramda bir neçə baxımlı qola imza atmışam.
– Aktivində 27 xalı olan “Kəpəz” sonuncu pillənin sakini “Qəbələ”ni artıq 12 xal qabaqlayır. Komandanızın Premyer Liqadakı yerini qoruyacağını indidən əminliklə söyləmək olar?
– Əlbəttə, söyləyə bilərik. Mənim buna heç bir şübhəm yoxdur. Siz də əmin olun ki, “Kəpəz” Premyer Liqada qalacaq və mövsümün sonunadək turnir cədvəlində bir qədər də irəliləyəcək. Bunun üçün son 10 turda yaxşı nəticələr əldə etmək lazımdır. Bunu bacaracağımıza inanıram.
– Növbəti turda “Zirə”nin qonağı olacaqsınız. Bu görüşdən hansı nəticə ilə ayrılacağınızı ehtimal edirsiniz?
– Bizi ağır oyun gözləyir. “Zirə” yaxşı komandadır. Ancaq rəqibdən çəkinmirik. Bakıya qələbə dalınca gedəcəyik.
– Adil Şükürovun baş məşqçi postuna keçidindən sonra “Kəpəz”in nəticələri yaxşılaşdı, komandanın özünəinamı artdı. Sizcə, Şükürov növbəti mövsüm üçün daha iddialı komanda formalaşdıra biləcək?
– Adil Şükürovun gəlişi biz futbolçular üçün çox faydalı oldu. O, yaxşı məşqçidir. Şükürov hər bir oyunçunun fərdi inkişafına kömək etdi. Bunun nəticəsidir ki, son vaxtlar işlərimiz yaxşı gedir, kollektiv olaraq inamlı təsir bağışlayırıq. “Kəpəz” indi daha yaxşı oyun sərgiləyir. İnanıram ki, Şükürov “Kəpəz”dəki fəaliyyətini davam etdirsə, növbəti mövsüm üçün daha güclü komanda quracaq.
– Azərbaycanın və ya digər ölkələrin daha iddialı klublarından sizə təkliflər gəlir? Gələcək karyeranızla bağlı nə düşünürsünüz?
– Hələ bu barədə danışmaq istəmirəm. Çünki bütün diqqətimi “Kəpəz”ə yönəltmək istəyirəm. Mövsüm davam edir, qarşıda bizi 10 vacib oyun gözləyir. Hazırkı hədəfim bu görüşlərdə “Kəpəz”in yaxşı nəticələr əldə etməsidir.
FƏRİD