“Kəpəz”in futbolçusu Mate Kvirkviya Misli Premyer Liqasının 26-cı turunda “Neftçi” ilə matçdan razı qalıb. O, 3:3 hesabı ilə bitən oyunun əla keçdiyini deyir.
Gürcü yarımmüdafiəçi futbolinfo.az saytına açıqlamasında Tovuzda baş tutan qarşılaşma haqda danışıb: “Oyunun nə qədər çətin olacağını bilirdik. Təbii ki, rəqibimizin gücü bəllidir. Bütün həftəni ciddi şəkildə bu matça hazırlaşdıq. Düşünürəm ki, möhtəşəm oyun idi, qalib gələ də bilərdik. Buna çox yaxın idik. Amma təəssüf ki, sonda 1 xalla kifayətləndik”.
Mate matçın belə qollu keçəcəyini təxmin etmirmiş: “Düzünü desəm, “Neftçi”yə 3 qol vuracağımızı gözləmirdim. Amma bu oyunda qələbəyə inanırdım. Çünki biz bütün həftəni bu matçda 3 xal qazanmaq üçün hazırlaşmışdıq. Fikrimcə, biz 2 xal itirdik”.
Kvirkviya 3 dəfə önə keçdikləri görüşdə qələbə hesabını qoruya bilməmələrinin səbəblərindən danışıb: “Fikrimcə, ikinci hissədə bir az yorğunluq oldu. Yəni normal olaraq çətinlik yaşadıq. Rəqib də istər-istəməz bizə təzyiq edirdi. Bu təzyiqlərə tab gətirə bilmədik. Həm də qeyd edim ki, təbii ot örtüyündən süni ot örtüyünə keçmək çətindir. Bu da problem yaratdı”.
Gürcü futbolçu bir xaldan məmnun deyil: “Həmişə maksimalist olmuşam. Qələbədən başqa heç bir şeyə qane olmuram. Xüsusən də bu cür oyunlarda qalibiyyət daha yaxşıdır və olmalıdır”.
Kvirkviya “Qəbələ”dən 12 xal öndə olmalarına diqqət yetirmir: “Turnir cədvəlinə baxmaq istəmirəm. Biz sadəcə öz irəliləməyimiz üzərində düşünməliyik. 10 tur qalıb və mümkün qədər çox xal yığmaq lazımdır”.
FƏRİD