“Neftçi” maliyyə problemlərindən qurtulmaq üçün yol tapıb. Paytaxt klubu hesabının yerləşdiyi bankın kredit xəttindən yararlanıb.

Futbolinfo.az xəbər verir ki, 2024-cü il başlayandan bəri klubda ciddi maiyyə problemləri var. Bir çox ödəmələr yubanır, hətta futbolçular maaşlarının ödənilməməsinə görə narazılıq edib. Klub rəhbərliyi isə sponsorlardan köçürmələrin yubanmasından çıxış yolunu kredit xəttindən faydalanmaqda görüb.

“Neftçi” hazırda ölkənin ən böyük büdcəli klubudur. Paytaxt klubuna mövsümlük 35 milyon manat vəsait ayrıldığı barədə qeyri-rəsmi məlumat var. Amma bu da xərclərin ödənilməsinə yetmir. Səbəb sabiq baş məşqçi Adrian Mutuya və onun köməkçilərinə ödənilən təzminatla bağlıdır. Rumınlara təxminən 2 milyon manat xərcləndiyi deyilir.

Yayda edilən səhv məşqçi seçimi, ardınca faydsız bahalı legionerlərə xərclənən böyük pullar indi çətin vəziyyət yaradıb. “Neftçi” Mutunu istefaya göndərib, oyunçulardan istədiyini ala bilmir, üstəlik, maliyyə çətinliyi yaşayır. Yəqin ki, bunun hesabatının istəniləcəyi adamlar barədə müvafiq tədbirlər görüləcək.

Xatırladaq ki, bu, “Neftçi”nin ilk kredit cəhdi deyil. Orxan Hüseynzadə klub prezidenti olarkən də eyni addım atılmışdı. O zaman da klubu oyunçularla “təmin edənlər” eyni adamlar idi və yekunda faydasız legionerlərin hamısı kompensasyası ödənilərək göndərildi, komanda isə ən pis dönəmlərini yaşadı. Həmin borcları sonrakı rəhbərlik ödədi və həmin xərclər üzündən heyəti uzun müddət gücləndirmək mümkün olmadı. Ümid edirik, indiki kredit əməliyyatı uzunmüddətli borclara çevrilməz, sponsorlar gecikən maliyyəni ödəyən kimi kəsirlər bağlanar.

Onu da qeyd edək ki, informasiyanı klubun mətbuat xidməti ilə dəqiqləşdirdik. Klubdan xəbərin yalnız kredit xəttindən faydalanmaları ilə bağlı hissəsini təsdiq etdilər.

Shares: