Josua Kimmix “Bayern”dən ayrılmağa tələsmir. Yayda Münhen klubunu tərk edəcəyi deyilən yarımmüdafiəçi xəbərləri təkzib edib.
Futbolinfo.az xəbər verir ki, Almaniya millisinin üzvü ən azı müqaviləsinin sonunadək indiki klubunda qalmaqda qərarlıdır: “Hazırkı müqaviləm növbəti mövsümün sonunda bitəcək. 2025-ci ilin yayınadək özümü ən yaxşı şəkildə göstərməyə çalışacağam. Münhendə xoşbəxtəm, klubdan və şəhərdən məmnunam. Müqavilə müddətim bitdikdən sonra nələr olacağına həmin vaxt qərar verəcəyəm”.
Baş məşqçi Tomas Tuhellə yola getməyən futbolçu yayda klubu tərk etməyi düşünürdü. Amma elə alındı ki, uğursuz nəticələrdən sonra Tuhelin “Bayern”də qalmayacağı dəqiqləşdi. Bu səbəbdən yarımmüdafiəçinin fikrini dəyişib imtina etdiyi yeni müqavilənin müzakirələrinə yenidən başlaması mümkündür.
Xatırladaq ki, Kimmix “Bayern”ə 2015-ci ildə “Ştutqart”dan gəlib. 29 yaşlı futbolçu ilə “Barselona” yaxından maraqlanır.