3 həftədən sonra AFFA-nın yeni prezidentinin adı bəlli olacaq. Daha doğrusu, aprelin 2-də ad rəsmiləşəcək. Ölkə futbolunun taleyinin növbəti 4 ildə kimə tapşırılacağını isə namizəd(lər)in adı açıqlananda biləcəyik.

Əslində, indidən əsas namizəd də bəllidir, onun seçiləcəyi də. Sadəcə, rəsmi açıqlama gözlənilir.

Rövşən Nəcəfin yeni AFFA prezidenti olacağına kimsənin şübhəsi qalmayıb. Əsl futbol adamları birləşə, bu posta iddia edənlər mütəxəssisləri ətrafına toplaya bilməyincə, əksinə, bir-birinin ayağının altını qazınca yeni prezidentin də ənənəyə uyğun olaraq SOCAR-dan gətirilməsi qərara alınıb.

Adını seçki də qoymaq olar, təyinat da – dəqiq olan ciddi dəyişikliyin olmayacağıdır. Rövşən bəyin rəhbəri olduğu “Neftçi”də başverənləri nəzərə alsaq, sükan yenə eyni adamların əlində olacaq. Nəcəfin SOCAR-da kimin məsləhəti ilə oturub-durduğunu, klubu necə idarə etdiyini nəzərə alsaq, inkişafla bağlı ümidlər çox azdır. Futbola baxışın dəyişməsi, sağlam strategiyanın seçilməsi müşkül görünür.

Amma tələb, nəzarət olsa, sağlam qüvvələri bir araya toplamaq mümkünləşsə, işlək İcraiyyə Komitəsi formalaşdırılsa, diqtəyə deyil, məsləhətləşməyə üstünlük verilsə, ümid var. Şəxsi maraqları bir yana qoyub, ümumi maraqlar ətrafında birləşmək, ölkənin imici, futbolun həqiqi inkişafı üçün çalışmaq ideyasını hakim edib hədəfə çatmaq olar.

Rövşən bəyin prezident olacağı bəllidir. İndi isə kabinetlərdə digər vəzifələrin bölüşdürülməsi prosesi gedir. Nəcəfin özünün normal kadrlar komandası olmadığından, xaotik vəziyyətdən istifadə edən müxtəlif maraqlı qüvvələr AFFA-ya daxil olmağa çalışır.

Hazırda əsas məram İcraiyyə Komitəsindəki yerlərin bölüşdürülməsidir. Bu qurumun bütünlüklə dəyişdirilməsinin lazım gəldyi bir vaxtda postunu qorumağa çalışanlar fəaliyyətdədir. Eyni zamanda bura öz dəstəsinin üzvlərini salmaq istəyənlər də kifayət qədərdir.

nesirov - Futbolinfo.az

Elşad Nəsirov – Elxan Məmmədov tandemi daha çox canfəşanlıq edir. Parisdə əyləşən və bərbad imici ilə Azərbaycana dönüşü mümkünsüz görünən Məmmədov zatən üzv seçilə bilməz. Elxan bəy bir ildir komitənin iclaslarına qatılmır, qaydalara görə 4 iclasa qatılmayan şəxs avtomatik olaraq qovulmalıdır. Nəsirov isə yeni komandada da təmsil olunmaq, yenidən vitse-prezident postunu tutmaq istəyir. Nəcəfin buna qarşı çıxa bilməyəcəyi dəqiqdir. Deməli, Elşad bəy yenə öz adamlarını müxtəlif postlara yerləşdirəcək, milli komanda növbəti dəfə əcnəbiyə tapşırılacaq. Azərbaycanlılara qarşı xoş münasibətdə olmadığını hər addımında göstərmiş bu şəxslə inkişaf planlarından danışmaq mənasızdır. Elşad bəy yenə idarəetmədə yer alsa, bundan kimsə şad olmayacaq, islahat arzuları yenə suya düşəcək.

Halbuki Rövnəq Abdullayevin namizəd olmayacağını açıqladığı son Gəncə iclasına qatılmayanların boykot cəhdi unudulmamalı, onların hamısı ümumiyyətlə, futboldan qovulmalıdır. Nəsirov və dəstəsinin üzvləri yenə futbolda qalacaqsa, EL ŞAD olmayacaq.

İcrayyə Komitəsinin tərkibi müəyyənləşdikdən sonra növbə digər önəmli postlara çatacaq. AFFA-da həmişə baş katib vəzifəsi və millinin baş məşqçi postu önəmli olub.

5 gündən sonra baş katib kimi bir ilini tamamlayacaq Sərxan Hacıyevin işi kifayət qədər qənaətbəxşdir. Səlahiyyətləri Elxan Məmmədov qədər olmasa da, o, qısa müddətdə xeyli iş gördü. Hacıyev Məmmədovun vaxtında olan maliyyənin beşdə biri ilə onun 16 ilə gördüyü işdən daha yaxşısını 12 aya sığışdırdı. Ölkə futboluna müəyyən nizam gəlib, əvəzedicilərin yarışı bərpa olunub, II Liqa yaradılıb, idman prinsipləri bərpa olunub, ən əsası, Məmmədovun və dəstəsinin şəxsi biznesini çiçəkləndirən maliyyə axınının qarşısı kəsilib, həmin vəsait futbolun inkişafına yönəldilib.

Nəsirov AFFA-da post tutsa, prezidentin kimliyindən asılı olmayaraq, ilk növbədə Hacıyevin yerinə başqasının təyinatına çalışacaq. Halbuki Rövşən Nəcəf ilk növbədə məhz onu qorumalıdır ki, qərib kimi düşdüyü futbol təsərrüfatında baş çıxarsın. Kiminsə tapşırığıyla, məsləhətiylə təyinatlar edəcəksə, aqibəti “Neftçi”dəkindən yaxşı olmayacaq, tezliklə nüfuzdan düşəcək və nəinki futbolda, SOCAR-da da arzuolunmaz birinə çevriləcək. Rövşən bəy “Neftçi”də kimlərin məsləhətləri ilə uçuruma getdiyini unutmamalı, AFFA-da eyni yanlışları təkrarlamamalıdır.

rovsen necef - Futbolinfo.az

Milli komandanın baş məşqçi məsələsi də önəmlidir. Bu gün hamı yığmanın yerli məşqçiyə tapşırılmasını istəyir. Hətta İcraiyyə Komitəsinin üzvləri də bu barədə danışıb, son olaraq Rauf Əliyev başqa yol olmadığını bildirib. Amma Nəsirov AFFA-da qalacaqsa, Nəcəfi əcnəbi seçməyə məcbur edəcək, beləcə daha bir neçə il itiriləcək. Yekunda Rövşən bəy gözdən düşəcək, Nəsirov isə ondan sonrakı – növbəti AFFA prezidentinə müavin olmaq üçün planlar cızacaq.

Qarşıdakı günlər ən kritik zamandı. Futbolumuzun taleyi AFFA prezidentinin kimliyindən daha çox qərarverici, idarəedici komandanın kimliyindən asılıdır.

FƏRİD

Shares: