Hər dəfə “Bayer”in təhlilini aparmaqla bir növ görünən kəndə bələdçilik edirik. İstər qrup mərhələsində, istərsə də, 1/8 final mərhələsinin ilk oyunundan əvvəl “Leverkuzenin meydandakı bütün küçələrini gəzib dolaşmışıq”. Amma “Bayer” o qədər böyük klubdur ki, ona kənd yox, şəhər deməyə məcburuq. Görünən şəhərə isə mütləq bələdçi lazımdır. Ona görə də “Qarabağ”ın Leverkuzendəki cavab oyunundan əvvəl yenidən rəqiblə bağlı  müəyyən mülahizələr yürütməliyik.

Mətləbə keçməzdən əvvəl onu vurğulayaq ki, ilk oyundan əvvəl Xabi Alonsonun komandasını doğru təhlil etmişidik. Leverkuzenlilərin bizə qarşı oktyabr və noyabr aylarında oynadığı futbolla indiki çıxışı arasında fərqin olduğunu nəzərinizə çatdırmışdıq. Xüsusən də vurğulamışdıq ki, bu komandanın artıq tempi aşağı düşüb. “Bayer” daha dəlisov futbol oynaya bilmir. Qrup mərhələsində “BayArena”dakı sürətli oyunları ilə müqayisədə daha ləng çıxış etdiklərini vurğuladıq. Bakıda haqlı olduğumuz göründü.

Doğrudur, ilk hissədə Xabi Alonsonun döyüşə atdığı heyət də “Qarabağ”ın işini asanlaşdırdı. Ən azı sonradan Alonsonun komandanın əsas heyətinin 5 üzvünü meydana çıxarması nəticəyə təsirini göstərdi. “Bayer”in hər iki qolunu meydana sonradan daxil olan Florian Vitrslə Patrik Şik vurdu. Amma doğurdanmı, qələbəni məhz buna görə əldən verdik? Belədirsə, Juninyo matçın sonlarında qapıçı ilə təkbətək qalarkən əlinə düşən imkanı qola çevirsəydi, nə deyəcəkdik? Heç bunu xatırlayacaqdıqmı? Deməli, bu, bəhanədən başqa bir şey deyil.

Ola bilər ki, Alonso əsas heyəti meydana buraxsaydı, “Qarabağ” iki top fərqilə öndə olmayacaqdı. Amma oyun başqa ssenari ilə də olsa, heç-heçə başa çata bilərdi. Deməli, Bakıdakı kiçik qəzadan nəticə çıxartmaq üçün başqa səbəbləri saf-çürük etmək lazımdır.

Alonsonun güvənəcəyi heyət bizə aid olan məsələ deyil. “Qarabağ” özünə aid olan problemləri tapmalıdır. Bu problemləri həll edə bilsə, cavab matçında rəqibin hansı “11-lik”lə meydana çıxmasının bizə təsiri olmayacaq.

Təbii ki, problemin kökünü bilsək belə, 2-3 günə vəziyyətdən çıxış yolu da tapmaq mümkün olmayacaq. Məsəli və ya lətifəsi komandamızdan uzaq, quyuya suyu tökməklə onu doldura bilmərik. Hər nə qədər yaxşı oynasan da, görüşə yaxşı hazırlaşsan da, rəqibi mükəmməl təhlil etsən də, “Bayer”lə “Qarabağ” arasında səviyyə fərqi var. Ən azı komandaların çıxış etdiyi liqa onların inkişafına birbaşa təsir göstərir. “Bayer”i böyüdən Almaniya futbolunu təmsil etməsi və Bundesliqada oynamasıdır. Bizim çempionatın səviyyəsi isə göz qabağındadır.

Leverkuzenliləri möhkəm edən təkcə maliyyə və ya seleksiya deyil. Bu komandada çıxış edən futbolçular hər tur Bundesliqanın tempində qaynayır, hərarətində bişir. Azərbaycan Preymyer Liqasındakı temp isə “Qarabağ”ın oyununu sürətləndirə bilməz.  Bu temp evdə bişmədiyindən, Ağdam klubu onu qonşudan, yəni avrokuboklardan gətirir. Oradakı oyunlar da çox məhduddur. Ona görə də belə rəqiblərlə oyunda temp çatışmazlığının əziyyətini çəkirik. Bəli, “Qarabağ” Bakıda bunun fəsadını yaşadı, komandanın sona qədər oynamağa gücü çatmadı.

Biz hər nə qədər burada taktiki gedişləri təhlil etsək də, cavab matçında da eyni problemlər yaşanacaq. Müəyyən taktiki gedişlərlə “isti-isti”, yorğun olmadan leverkuzenlilərin qapısından yenə də 1 və ya 2 top keçirə bilərik. Təbii ki, yenə də ilk hissədə. Məsələ, 70-ci dəqiqədən sonra necə oynayacağımızdır. Rəqiblə ayaqlaşa biləcəyikmi? Ona görə də indiki vəziyyətdə Palasios, Caka, Andrix, Vitrs, Adli və ya Şikə qarşı necə oynamaq lazım olduğunu müzakirə etməyə dəyməz. Məsələ, fiziki hazırlıqdadır.

İlk oyun göstərdi ki, Qurban Qurbanov və onun köməkçiləri “Bayer”i çox yaxşı təhlil edib. Cavab oyununda da belə olacaq. Amma fiziki hazırlıq planında komandanın nə dərəcədə inkişaf edəcəyini zaman göstərəcək.

Amma istənilən halda, “Bayer”lə oyunda nəyi etməməli olduğumuzu xatırlatmaq yerinə düşərdi. İlk növbədə onu qeyd edək ki, arxaya və ya qapıçı meydanına paralel ötürmələri yığışdırmaq lazımdır. Çox təəssüf ki, Bakıda Zubirin belə mənasız ötürməsi “Qarabağ”ın qapısına vurulan ilk qolla nəticələndi. İlk hissədə autun yanından Lunyov tərəfə belə paralel ötürmə gəldi, bəxtimiz gətirdi ki, Adli Virtsizdən fərasətsiz çıxdı. Ötürməyə oyunçu tapmırsansa, ya irəli vur, ya da auta çıxart. Məlum məsələdir, yorğunluq və ya təzyiq öz sözünü deyə bilər. Amma topu auta vurmaq daha asandır.  “Qarabağ”ın oyunçuları meydanda belə “fokuslar” göstərməsə, bəlkə nəyəsə ümid etmək olar.

İkincisi, mümkün qədər rəqibə qarşı kobud oynamayaq, riskli müdaxilələr etməyək. İlk oyunda bu mənada bəxtimiz gətirdi. Çünki ani ehtiyatsızlıq qırmızı vərəqə ilə nəticələnə bilər. Məsələn, Bakıda “Frayburq”la görüşdə Kevin Medina, daha sonra yenə də evdə “Hakken”lə görüşdə Marko Veşoviç və “Braqa” ilə matçda heç nədən Elvin Cəfərquliyev qarşısında qırmızı vərəqə gördü. Belə oyunlarda da azlıqda qalanda “Qarabağ” mütləq qapısında top görür. Hətta “Hakken”lə oyunda belə Veşoviçin meydandan kənarlaşdırılmasından sonra rəqib fərqləndi. Hələ biz yersiz penaltilərdən danışmırıq. “Frayburq”la səfər matçı, “Braqa” ilə hər iki oyun…

“Bayer” kimi komandaya qətiyyən penalti hədiyyə etmək olmaz. Bunlardan sığortalana bilsək, matçın sonuna qədər mübarizə aparmaq olar. Bir də ki, cavab oyununda Julio Romao ilə Elvin Cəfərquliyevin meydana çıxması ən azı Qurban Qurbanovun rotasiya imkanını genişləndirəcək. Məsələn, ikinci hissədə onları kiminləsə əvəzləyə bilər. Amma bu futbolçular olmayanda, ikinci hissədə meydana girib oyunu gücləndirəcək kimsə qalmır.

Son vaxtlar Leandro Andradenin oyununda eniş var. Halbuki, zədəsini sağaldıb tam formaya düşən Diakabi son vaxtlar yüksəlişdədir. “Qarabağ” gərək fransalı futbolçunun adını Avropa Liqasında iştirak ərizəsinə salaydı. Həmin zonada Adama Leandrodan daha faydalı olardı. Təəssüf, artıq gecdir!

Çətin olacaq, amma ümid edək ki, ən azı “Bayer”in yenə də oyunu alınmayacaq. Amma böyük ehtimalla, Alonso bu dəfə qapıçıdan başqa əsas heyətin digər oyunçularına şans verəcək. Ona görə də bu dəfə daha çox əziyyət çəkəcəyik. Ümid ölməyibsə, deməli, yaşasın “Qarabağ!

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp