Türkiyənin “Tuzlaspor” klubunun və milli komandamızın müdafiəçisi Bəxtiyar Həsənalızadənin futbolinfo.az saytına müsahibəsi

– Türkiyə I Liqasının son turunda səfərdə liderlər qrupunda qərarlaşan “Kocaelispor” üzərində 2:1 hesablı qələbə qazandınız. Bunu nəyin hesabına bacardınız?

– “Kocaelispor” güclü komandadır. Buna görə də oyunun çətin keçəcəyini bilirdik. Rəqibin əla azarkeş dəstəyi var, sonadək dayanmırlar və qonaq komanda üçün təzyiq yarada bilirlər. Bizimlə oyunda da bunu etdilər. Ancaq xallara, qələbəyə ehtiyacımız var idi. İtiriləsi bir şeyimiz yox idi, buna görə də səfərə qələbə dalınca yollanmışdıq. Qalib gəlməyə çalışdıq, çox şükür ki, alındı. Kocaeli səfərində heç-heçə də bizə sərf edəcəkdi.

– Bu görüşdə 90 dəqiqə meydanda oldunuz. Öz oyununuzu necə dəyərləndirirsiniz?

– Uzun müddət idi oynamırdım. Bu səbəbdən matç mənim üçün çətin keçdi. Normaldır, belə olacağını bilirdim. Allaha şükürlər olsun, 90 dəqiqə ərzində ciddi bir səhvim olmadı.

– Rəqibin heyətində millidə komanda yoldaşınız olan Ramil Şeydayev çıxış edir. Sizdən fərqli, o, start heyətində yer almamışdı və 84-cü dəqiqədə meydana daxil oldu. Ramil oyuna qoşulanda hansı hissləri keçirdiniz? Matçın gedişində və ya görüşdən sonra onunla nə danışdınız?

– Ramil oyuna girərkən komanda yoldaşlarıma onun bacarıqlı futbolçu olduğunu bildirdim və dedim ki, diqqətli olsunlar. Matçın gedişində salamlaşdıq, oyundan sonra isə qısa söhbətimiz oldu.

– Hazırda Türkiyə I Liqasında siz və Ramil Şeydayevlə yanaşı, Coşqun Diniyev, Vüsal İsgəndərli və Sertan Taşkın da çıxış edir. Azərbaycanlı futbolçularla bağlı liqada ümumi fikir necədir?

– Hər halda, ümumi fikirin yaxşı olduğunu düşünürəm. Yoxsa bu qədər oyunçu almazdılar. Ümid edirəm ki, gələcəkdə Türkiyədə çıxış edəcək yığma üzvlərimizin sayı daha da çoxalacaq.

– Çempionatda növbəti oyununuzu yenə səfərdə, bu dəfə “Ərzurumspor”a qarşı keçirəcəksiniz. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?

– Ərzurum səfəri Kocaeli səfərindən də çətindir. Budəfəki rəqibimiz də yaxşı komandadır, bəlli bir oyun sistemləri var. Bundan əlavə, Ərzurum soyuq bölgədir. Belə məqamların da oyuna təsiri olur. Hər iki tərəfə qələbə lazımdır. Bu isə görüşün gərgin keçəcəyindən xəbər verir.

– Türkiyə I Liqasında mövsümün sonuna 8 tur qalıb. Üzərinizdə çempionatı tərk etmək qorxusu varmı?

– Əsas hədəfimiz çempionatda qalmaqdır. Bunun üçün çalışırıq. Sonadək mübarizə aparacağıq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp