“Sumqayıt” klubunun qapıçısı Mehdi Cənnətovun futbolinfo.az saytına müsahibəsi

– Evdə “Kəpəz”ə məğlubiyyətdən (1:3) sonra səfərdə “Səbail” üzərində vacib qələbə (1:0) əldə etdiniz…

– Cari mövsümdə “Səbail”lə oyunlar bizim üçün yaxşı alınır. Əvvəlki 2 dövrədə də qələbə qazanmışdıq. “Kəpəz”ə məğlubiyyətdən sonra bu görüşün əhəmiyyətini dərk edirdik. Ardıcıl ikinci oyunda xal itkisi ilə üzləşməyi özümüzə bağışlamazdıq. Allaha şükürlər olsun, matçdan qələbə ilə ayrılan tərəf olduq.

– “Səbail”lə görüşü yüksək səviyyədə keçirdiniz, hətta penalti epizodunda da komandanızı qoldan xilas etdiniz. Pedro Nunonun penaltiləri necə yerinə yetirdiyini əvvəlcədən araşdırmışdınız, yoxsa o anda qərar verdiniz?

– Penalti lotereyadır. Bəzən elə olur ki, qapıçılar zərbənin vurulduğu küncü düz tapsalar da, topu çıxara bilmirlər. “Səbail”lə görüşdə hər şey bizim üçün yaxşı alındı. Penaltini dəf etməyim də bunu təsdiqləyir.

– Artıq Ramazan ayı başlayıb və oruc tutan futbolçuların sırasında siz də varsınız. Qarşıda “Sumqayıt”ı çox çətin və vacib görüşlər gözləyir. Oruc tutmaq oyununa necə təsir göstərəcək?

– İlk dəfə deyil ki, çempionat vaxtı oruc tuturam. Digər komandaların da heyətində oruc tutan futbolçular var. Yəni şərtlər hamımız üçün eynidir. Sadəcə, buna uyğunlaşmaq lazımdır.

– Növbəti oyunu “Sabah”a qarşı keçirəcəksiniz. Turnir cədvəlində sizi izləyən rəqibi xalsız yola salmaq mümkün olacaq?

– Cari mövsüm bütün komandaların, demək olar ki, eyni səviyyədə oynadığını göstərir. Buna görə də hər bir görüşdən öncə şanslar 50/50-yədir. Kim daha yaxşı hazırlaşırsa, kim rəqibin səhvlərindən faydalana bilirsə, o da üstünlük əldə edir.

– Mövsümün bitməsinə 10 tur qalıb. Çempionatın sonunadək ikinci pillədə qala biləcəksiniz?

– İkinci yerdə qalmaq daha çətindir, nəinki o pilləyə yüksəlmək. Artıq finiş xəttinə yaxınlaşırıq, son 10 oyun qalıb. Hər görüş bizim üçün final xarakteri daşıyacaq. Mövsümün sonundakı nəticədən razı qalmaq üçün bütün matçlarda əlimizdən gələni etməliyik.

– Misli Premyer Liqasının növbəti mövsümündə 12 komandanın iştirak edəcəyi ilə bağlı söz-söhbətlər var. Siz komanda sayının artırılmasının tərəfdarısınız, yoxsa indiki vəziyyətdə 10 komandalı, 4 dövrəli çempionatın bizim üçün daha münasib olduğu qənaətindəsiniz?

– Komandaların sayı artırılsa, əla olar. Premyer Liqada nə qədər çox komanda iştirak etsə, bir o qədər yaxşıdır. Özünüz də gördünüz ki, say 8-dən 10-a çatdırılandan sonra çempionatda rəqabət xeyli artdı.

– Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri – İsveç, Slovakiya və Estoniya milliləri haqda hansı fikirdəsiniz? Bu qrupda uğurlu nəticəyə imza ata biləcək gücdəyik?

– Yaxşı qrupdur. Aydın məsələdir ki, asan olmayacaq. Ancaq mübarizə aparmaq, qələbələr qazanmaq lazımdır. Bunu bacardığımız oyunlar olub. Yığmanın uğuru üçün hər kəs əlindən gələni etməlidir.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp