Misli Premyer Liqasının 26-cı turunda “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gələn “Turan Tovuz”un braziliyalı müdafiəçisi Bruno Qonçalveşin futbolinfo.az saytına müsahibəsi

– “Araz-Naxçıvan”la son oyunda qələbə qazana bildiniz. Matçla bağlı düşüncələrin necədir?

– Çox çətin oyun oldu. Rəqib yaxşı müdafiə olunmağa başladı. Kompakt şəkildə oynaya bilirdilər. Amma biz konsentrasiyanı əldən vermədik. Düşünürdük ki, oyunun istənilən anında qol vura bilərik. Nəticə də göz önündədir.

– Amma qolları son dəqiqələrdə vura bildiniz…

– Futbol 90 dəqiqə oynanılır. Yəni 45 dəqiqədən, 50 dəqiqədən ibarət deyil…İstəyirsən son dəqiqədə vur, istəyirsən ilk dəqiqələrdə. Qalibiyyət önəmlidir. Biz effektiv ola, effektlivliyimizi son dəqiqələrə qədər saxlaya bildik və 2 dəfə də rəqib qapısına yol tapdıq.

– “Araz-Naxçıvan” futbolçuları hakimlərin qərarlarından narazıdırlar. Hətta baş məşqçisi də mətbuat konfransında etiraz etdi.

– Düşünürəm ki, hakim meydanda yaxşı iş gördü. Onun hansısa ciddi səhvini qabarda bilmərəm.

– 7-ci pilləni komandanız üçün necə hesab edirsən?

– İndi daha yaxşı yerlər üçün baxırıq. Yuxarı pillələrə qalxa bilərik. Hər oyunda bunun üçün çalışırıq, qollar vurub qələbələr əldə etmək istəyirik. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

– Yaxşı nəticə üçün nəyə ehtiyacınız var?

– Son oyunları daha yaxşı keçirməliyik, hər matça final kimi baxmalıyıq. Bizim bunun üçün gücümüz var. Çempionat çox maraqlıdır və sonu daha mübarizəli keçəcək.

– Qarşıdakı turda lider “Qarabağ”la üz-üzə gələcəksiz. Bu oyundakı 1 xal sizin üçün yetərli sayıla bilər?

– Rəqibdən asılı olmayaraq, daim meydana 3 xal üçün çıxırıq. Meydana giririksə, istəyimiz qələbə qazanmaqdır. “Qarabağ” çox üst səviyyədə komandadır. Fikrimcə, azarkeşlər üçün əla tamaşa olacaq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp