MBA-da bu gecə 7 oyun baş tutub. Çempionatın lideri “Boston Seltiks” səfərdə  “Yuta Caz” üzərində qələbə qazanıb. Ceyson Teytum görüş ərzində 38 xal toplayıb.

Şərq konfransının digər bir güclü komandası “Miluoki Baks” isə məğlubiyyətlə üzləşib. Antetokumbonun komandası Sakramentoda məğlub olub. Meydan sahiblərinin litvalı basketbolçusu Domantas Sabonisin aktivində 22 xal, 11 ribaund və 8 asist var.

Qərb konfransında liderlik uğrunda mübarizə aparan “Klippers” və “Minnesota Timbervulvs” Los-Ancelesdə üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 118:100. Görüşün qəhrəmanı Entoni Edvards olub. O, 37 xal və 8 ribaundla qələbədə əsas rol oynayıb.

Alperen Şengünün zədə səbəbilə oynamadığı matçda “Hyuston Rokets” ardıcıl 4-cü səfər qələbəsini qazanıb. Bu dəfə “San Antonio Spörs” 103:101 hesabı ilə məğlub edilib.

Başqa bir autsayderlər qarşıdurmasında “Memfis Qrizliz” “Vaşinqton Vizards”dan üstün olub – 109:97. Nyu-Yorkda isə yerli komanda “Filadelfiya Siksers” üzərində 106:79 hesablı qələbə qazanıb. Con Anuobinin zədədən dönməsi “Niks”ə xeyli yardım edib.

Shares: