“Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Bayer”lə 2:2 hesablı heç-heçə edəcəyini gözləyirdiniz?

– Bu nəticə mənim üçün gözlənilməz olmadı. Açığı, qələbə, ən azı heç-heçə gözləyirdim. Çünki “Qarabağ”a həmişə inanmışam. Bu komandanın yetərincə avrokubok təcrübəsi var. “Qarabağ” keyfiyyətli məşqçilərə və futbolçulara sahibdir. Buna görə də inanırdım ki, “Qarabağ” öz futbolunu oynasa, yaxşı nəticəyə imza ata bilər. Dediyim kimi, ən azı heç-heçə gözləyirdim, o da baş verdi.

– Sizcə, qələbə hesabını qoruya bilməməyimizin səbəbi nə oldu?

– Səbəb yorğunluqdur. Həqiqətən də matçın sonlarında top daha çox “Bayer”in futbolçularında oldu. Ən əsas səbəb isə rəqibin heyətində sonradan meydana daxil olan futbolçulardır. “Bayer”in əvəzetmələri komandanın oyununu dəyişdi. Bundan sonra 2 qol vurdular və hesabı bərabərləşdirdilər.

– Bakıdakı görüşdə “Qarabağ”ın heyətində ən çox kimin oyununu bəyəndiniz?

– “Qarabağ” komanda şəklində yaxşı oynadı. Həqiqətən də, keyfiyyətli futbol göstərdilər. Əsasən də Juninyonu qeyd edərdim. Hücumda çox aktiv idi, “Bayer”in müdafiəçilərinə rahat nəfəs almağa imkan vermədi. Onların səhvlərini gözlədi, əlinə fürsətlər düşdü, qolunu da vurdu. Ümumiyyətlə, “Qarabağ” inamlı təsir bağışladı. Elvin Cəfərquliyev və Julio Romao oyunu buraxmaq məcburiyyətində qalmışdılar. Buna baxmayaraq, onların yerinə meydana çıxan Toral Bayramov və Patrik Andrade də yaxşı oynadılar. Düzdür, fiziki cəhətdən çatdırmadılar. Amma böyük fərq görmədim. Əksinə, Patrik qol ötürməsi verdi, Toral da yetərincə keyfiyyətli oynadı.

– “Qarabağ” 2:1 hesabı ilə öndə olanda Juninyo real qol şansını qaçırdı. Mərkəzdən topu götürüb xeyli irəliləyərək qapıçı ilə təkbətək çıxsa da, dəqiq zərbə vura bilmədi. Həmin epziodu oyunun qırılma anı hesab etmək olar?

– Razıyam. Juninyo həmin epizodu qola çevirsəydi, bəlkə də meydandan qələbə ilə ayrılacaqdıq. O anı matçın qırılma nöqtəsi saymaq olar. Bakıdakı matçda yetərincə qol şansımız oldu.

– Cavab matçında “Qarabağ”ın şanslarını necə dəyərləndirirsiniz?

– Bizi çox çətin görüş gözləyir. Amma mən yenə də “Qarabağ”a inanıram. Arzu edirəm ki, daha da irəliləsinlər, tarix üstünə tarix yazsınlar. Avropa Liqasında 1/8 finala çıxmağın özü bir tarixdir. Düzdür, cavab matçı bizim üçün çox ağır olacaq. Lakin “Qarabağ”ın səfərdə də heç-heçə edə biləcəyini düşünürəm.

– Florian Virtz və Qranit Caka kimi oyunçular yəqin ki, Almaniyadakı matça start heyətdə çıxacaq. Belə olan halda, “Qarabağ” öz futbolunu sərgiləyə biləcəkmi?

– Virtz və Caka “Bayer”in əsas oyunçularıdır. Bakıdakı görüşə sonradan daxil olaraq matçın taleyini dəyişdilər. Almaniyadakı oyuna ilk “11-lik”də başlasalar, təbii ki, bizim üçün fərqli oyun olacaq. O halda tamam başqa “Bayer” görəcəyik.

– Avrokuboklardakı oyunlardan sonra “Qarabağ”ın bir neçə futbolçusunun adı xarici klublarla birgə hallanır. Sizcə, Ağdam klubu Juninyo, Benzia kimi usta oyunçuları heyətində saxlamağı bacaracaq?

– “Qarabağ”ın futbolçularına digər klubların maraq göstərməsi normal haldır. Çünki bütün Avropa, dünya “Qarabağ”dan danışır. Heç kim bu nəticələri gözləmirdi. Qazanılan uğurlu nəticələrdən sonra klubun futbolçularına maraq, tələb var. Amma “Qarabağ”dan gedənlər başqa yerlərdə heç vaxt özlərini doğrultmayıblar. Kim gedəcək, kim qalacaq, öz qərarlarıdır. Hamının fikrinə hörmətlə yanaşıram. Klub üçün nə xeyirlidirsə, o da olsun. Əsas odur ki, orada kimlərin oynamasından asılı olmayaraq, “Qarabağ”ın adı həmişə üzərindədir, komandanın oyun sistemi dəyişmir.

FƏRİD

Shares: