Bir müddətdir Dubaydan Rusiyaya qayıda bilməyən Moskva “Spartak”ının futbolçusu Kvinsi Promes həbs edilib. Yarımmüdafiəçini Niderland polis orqanlarının tələbi ilə saxlayıblar. Bunu ölkənin rəsmi orqanının mətbuat xidməti təsdiqləyib.
Çox güman ki, futbolçunu Niderlanda ekstradisiya edəcəklər. Bu vaxta qədər o, ev məhbusluğunda idi.
Xatırladaq ki, klubu ilə təlim-məşq toplanışında olan futbolçu Dubayda yol hərəkəti qəzası törətmiş və oradan qaçmağa çalışmışdı. Buna görə onu yerli polislər saxlamışdılar. Niderlandda haqqında həbs qəti imkan tədbiri görülən futbolçu komandası ilə Moskvaya da qayıda bilməmişdi. Niderland millisinin keçmiş futbolçusu 1362 kiloqram kokainin daşınmasında günahkar bilinərək ölkə məhkəməsi tərəfindən 6 illiyinə həbs cəzası alıb. Lakin Rusiyadan onu geri qaytarmaq mümkün olmadığından futbolçu karyerasını “Spartak”da davam etdirirdi.