Səudiyyə Ərəbistanı ciddi şəkildə dünya tennisini ələ keçirmək istəyir. 2014-cü ildən başlayaraq atılan addımlar artıq tennisi də haqlayıb. Ölkə rəhbərliyi tərəfindən yaradılan fond (PİF) boks, futbol, qolf və digər idman növlərinə sərmayə yatırır.
Yayılan məlumata görə, PİF ATP və WTA-ya böyük təklif irəli sürüb. Məqsəd bu iki qurumu birləşdirməkdir. Təklifin dəyəri isə 1 milyard dollardır. Qeyd edək ki, tennis üçün bu, böyük məbləğdir.
Təklifin dəyərləndirilməsi və cavablandırılması üçün 90 gün vaxt verilib. Həmin müddət may ayında bitəcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı artıq qadınların yekun turnirini keçirmək hüququna sahibdir. Bundan başqa, payızda 6 ən güclü kişi tennisçisi arasında turnir təşkil ediləcək. Cokoviç, Alkaras, Nadal, Sinner, Medvedev və Runenin çıxış edəcəyi turnirdə hər bir tennisçiyə iştiraka görə 1,5 milyon dollar ödəniləcək. Qalib isə əlavə 6 milyon qazanacaq. Belə bir mükafat heç “Böyük dəbilqə” turnirində yoxdur.