“FIFA series – Edition 2024” turnirində yığmanın baş məşqçisi olacaq Arif Əsədovun futbolinfo.az saytına müsahibəsi
– Azərbaycanda keçiriləcək “FIFA series – Edition 2024” turnirində iştirak, yoldaşlıq oyunları yığmamıza nə verəcək?
– Milli komandalar adətən az-az toplanırlar, toplananda da daha çox seçmə mərhələ oyunlarından öncə yığışırlar və birbaşa həmin matçlarda iştirak edirlər. O oyunlarda daha çox optimal heyətə üstünlük verilir. Yoldaşlıq görüşlərinin isə əhəmiyyəti odur ki, komandaya yeni adlar cəlb edə bilirsən. Belə görüşlərdə müxtəlif taktiki variantlardan istifadə etmək də mümkündür. Tez-tez oyun keçirmək komandanın formalaşması baxımından müsbət haldır.
– Millimiz martın 22-də Monqolustan, 25-də isə Bolqarıstanla qarşılaşacaq. Bu görüşlərdə komandamızın məqsədi nə olacaq?
– Düzdür, yoldaşlıq görüşlərində nəticə elə də önəm daşımır. Amma biz hər oyuna qələbə üçün çıxacağıq. Qarşımıza qoyulan məqsədlərdən biri də budur ki, hər iki oyunda qələbə qazanaraq komandanın ruhunu daha da yaxşılaşdıraq. Bu görüşlərdə müxtəlif taktiki gedişlərdən istifadə edə bilərik.
– Heyətdə yeni adlar olacaqmı?
– Bəli, heyətdə yeni adlar gözlənilir. Hələ toplanışadək çempionatda 1 tur var. Həmin oyunlardan sonra siyahı açıqlanacaq. Yeni adlar görəcəksiniz.
– Legionerlərin hamısı toplanışa qatıla biləcək?
– Bəzi legionerlərimizin zədə ilə bağlı problemləri var. Ayın 16-dək vaxtımız var. Onların durumuna tam aydınlıq gələndən sonra kimlərin toplanışa cəlb olunacağı, kimlərin isə gələ bilməyəcəyi dəqiqləşəcək.
– Yığmanın hazırkı heyətini son dövrlərin ən güclüsü adlandırırlar. Siz bu fikirlə razısınız?
– Yığmanın indiki heyəti ilə bundan qabaqkıları müqayisə etməyi düz saymıram. Hər dövrün öz şəraiti və yaxşı futbolçuları olub. Qabaqkı şəraitlə indiki arasında böyük fərq var. Həm meydançalar, həm də maddi baxımdan hazırkı şərait daha yaxşıdır. İndi futbolçuların inkişafı üçün hər bir şey var. Bu səbəbdən məsələyə birmənalı fikir bildirmək istəməzdim.
– Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində bu gün “Bayer”in qonağı olacaq. Komandamızın Bakıdakı oyunu Almaniyada da təkrarlaması mümkündür?
– “Qarabağ”a uğurlar arzulayıram. “Bayer”lə səfər matçı çətin olacaq. Təbii ki, cütün favoriti “Bayer” sayılır. Amma Bakıdakı oyun bir daha göstərdi ki, “Qarabağ” rəqiblə başabaş mübarizə apara bilər. Ümid edirik və inanırıq ki, təmsilçimiz səfərdə də yaxşı nəticəyə imza atacaq. “Qarabağ” üçün itiriləsi bir şey yoxdur. Bakıdakı oyunda da göründü ki, “Bayer” təzyiq altındadır, “Qarabağ” yox. Məncə, bu durum cavab matçında da davam edəcək. “Bayer” ilk oyunda “Qarabağ”ın gücünü bir daha gördü, 0:2-dən hesabı çətinliklə 2:2-yə gətirdi. Odur ki, almanlar da bu matça final kimi baxacaqlar. “Qarabağ” rəqibin meydana təzyiq altında çıxmasından istifadə edə bilər.
– Yəqin ki, bugünkü matçda rəqibin bütün aparıcı futbolçuları əsas heyətdə meydana çıxacaq. Belə olan halda “Qarabağ”ı hansı təhlükə gözləyir?
– Mən də “Bayer”in bugünkü matça optimal heyətlə çıxacağını düşünürəm. Çünki Bakıdakı oyuna əsas heyətlə çıxmamasının əziyyətini çəkdi. Bakıda sonradan meydana daxil olan futbolçular “Bayer”in oyununu dəyişdilər. Əvəzetmələrdən sonra Leverkuzen klubu tamam fərqli oyun sərgiləməyə başladı. Odur ki, yenə riskə getməzlər.
CAVAD