Milli komandamızın məşqçisi Arif Əsədov bu gün “Qarabağ”ın çətin sınaqla üz-üzə olduğunu düşünür. Təcrübəli mütəxəssis leverkuzenlilər üçün də matçı asan saymır.

Əsədov futbolinfo.az saytına açıqlamasında Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Bayer”in təzyiq altında olacağını deyir: “Bayer”lə səfər matçı çətin olacaq. Təbii ki, cütün favoriti “Bayer” sayılır. Amma Bakıdakı oyun bir daha göstərdi ki, “Qarabağ” rəqiblə başabaş mübarizə apara bilər. Ümid edirik və inanırıq ki, təmsilçimiz səfərdə də yaxşı nəticəyə imza atacaq. “Qarabağ” üçün itiriləsi bir şey yoxdur. Bakıdakı oyunda da göründü ki, “Bayer” təzyiq altındadır, “Qarabağ” yox. Məncə, bu durum cavab matçında da davam edəcək. “Bayer” ilk oyunda “Qarabağ”ın gücünü bir daha gördü, 0:2-dən hesabı çətinliklə 2:2-yə gətirdi. Odur ki, almanlar da bu matça final kimi baxacaqlar. “Qarabağ” rəqibin meydana təzyiq altında çıxmasından istifadə edə bilər”.

Arif bəy Almanya klubunun oyuna əsas heyətlə çıxacağını gözləyir: “Mən də “Bayer”in bugünkü matça optimal heyətlə çıxacağını düşünürəm. Çünki Bakıdakı oyuna əsas heyətlə çıxmamasının əziyyətini çəkdi. Bakıda sonradan meydana daxil olan futbolçular “Bayer”in oyununu dəyişdilər. Əvəzetmələrdən sonra Leverkuzen klubu tamam fərqli oyun sərgiləməyə başladı. Odur ki, yenə riskə getməzlər”.

Shares: