“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayevin futbolinfo.az saytına müsahibəsi
– Son turda “Turan Tovuz”a 0:2 hesablı məğlubiyyətinizin səbəbi nədir?
– Məğlubiyyətin tək səbəbi hakimin ədalətsiz qərarları idi. Biz rəqibi yaxşı analiz etmişdik və onlar qapımıza təhlükəli zərbə belə endirməmişdi. Lakin referi əlindən gələni etdi. 2-3 dəqiqədə nə oldusa… Hakim əleyhimizə o qədər səhv qərar verdi ki… Mübarizə haradasa qırılmalı idi, o da bir neçə dəqiqə ərzində iki qol buraxıb uduzduq. Bununla da oyun bitdi.
– Baş məşqçiniz Azər Bağırov da qarşılaşmanın hakimi Rəşad Əhmədovdan şikayətləndi…
– Mən şəxsləri ayırmaq istəmirəm, heç bir hakimlə problemim də yoxdur. Bəzən meydanda aqressiv oluruq və bu da matçların gərginliyindən irəli gəlir. Amma hansısa hakimin bizə qarşı qərəzli olduğunu düşünmürəm. Çünki ola bilər, səhvləri sırf bizim oyunlarımıza təsadüf edib, insandır və bu cür hallar yaşanır. Həmin anda elə görüb deyə, elə qərar verib. Bunlar keçdi və arxada qaldı. Qələbələrə köklənib irəli baxmaq lazımdır. Azərbaycan futbolunda son zamanlar hakimlərdən çox danışılır, həqiqətən bu, artıq adamı iyrəndirir. Digər tərəfdən də bir komandanın leyhinə çox qərar olanda futbolçular da bezir, stressli, həyəcanlı şəkildə meydana çıxır.
– Amma razılaş ki, qış fasiləsindən sonra komanda nəticələri heç cür yaxşılaşdıra bilmir…
– Həqiqətən də adam pis olur, acınacaqlıdır. Qışdan sonrakı çıxışımız çox da uğurlu deyil. Çox adam düşünür ki, yəqin komandada düşüş var. İtirdiyimiz xallara baxsaq, hər şeyin fərqli olduğunu görərik. “Sumqayıt”la matçda tam üstün idik, qol vura bilmədik, bir xal qazandıq. “Səbail”lə matçda da qələbəyə layiq idik, “sağ olsun” hakim, imkan vermədi ki, qalib gələk. “Zirə”yə 0:3 hesabı ilə uduzduğumuz oyundan sonra şokda idik, rəqibin heç bir təhlükəli vəziyyəti yox idi, amma 3 qol vurub 3 xal qazandı. Özümüz öz əlimizlə qolları hədiyyə etdik. “Qarabağ”ı çıxsaq, digər matçların heç birində zəif çıxış etməmişik. Son oyunda “Turan Tovuz”la yaxşı oynamışdıq, “Sabah”la matçda da hakim səhvləri oldu. Biz başqa şeylərdən danışmalı idik, amma uğursuz nəticələrdən danışırıq. Oyun olaraq bu cür vəziyyəti haqq etmirik. Futboldur, bəzən çox istəyirsən, alınmır, bəzən az iş görürsən, amma istədiyini əldə edirsən. Qarşıda “Qəbələ” ilə matç var, amma ondan sonra fasilə yaranacaq. Düşünürəm ki, fasilə bizə çox kömək edəcək.
– Növbəti turda “Qəbələ” ilə üz-üzə gələcəksiz. Rəqibə qalibiyyət çox vacibdir. Düşünmürsən ki, bu, sizə çətinlik yaradacaq?
– Onlarla matç indiyə qədər çempionatda keçirəcəyimiz ən ağır və vacib matç olacaq. Birincisi, turnir cədvəli baxımından vacibdir, ikincisi fasiləyə mental olaraq daha yaxşı getmək üçün qalib gəlməliyik. Bizdən yuxarıdakı komandalar da xal itirəcək, bizim üçün məsuliyyətli oyundur. “Qəbələ” ilə olması da xüsusidir, çünki onlar da mütləq qalib gəlməlidir. Ümumiyyətlə, mövsümə baxsaq, düşünürəm ki, “Qəbələ” sonuncu yerə layiq deyil. Oynadığı oyuna, komandanın keyfiyyətinə ziddir. Mən onların oynadığı futbolu çox bəyənirəm. Elmar Baxşıyev orada yaxşı işlər görmüşdü, yaxşı komanda qurmuşdu. Düzdür, indi təzə məşqçi var, amma Elmar müəllimin əziyyətini danmaq olmaz. Yeni məşqçi Kaxaber Sxadadze gələndən qələbə qazanmayıb və bizimlə matça 3 xal gözü ilə baxır. Onlar da ciddi və məsuliyyətli olacaq. Hər iki komandanın son matçlarda ürəkaçan nəticələri yoxdur. Gərgin və çox ağır oyun keçəcək.
– Bu gün “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin 1/8 finalının cavab görüşündə Leverkuzendə “Bayer”lə qarşılaşacaq. Matçdan gözləntin nədir?
– “Qarabağ” Azərbaycan futbolunun simasıdır. Azərbaycan futbolu deyəndə yada onlar düşür. Amma real danışsaq, səfərdəki matça heç ümidim yoxdur. Çünki rəqib çox güclüdür. Evdə yenə “Qarabağ”ın minimal hesablı qələbəsinə ümid edirdim, heç-heçə oldu. Düzdür, futbolda hər şey baş verə bilər. “Qarabağ” da sürprizlər edib. İnanmasam da, təki hər şey “Qarabağ”ın leyhinə bitsin və məni yanıltsınlar. Ağır oyun olacaq, inşallah istədiklərini əldə edərlər.
ABBAS