“Sabah”la oyunda ilk hissə istədiyimiz kimi keçmədi. İki dəfə qol vurmaq şansımız olsa da, istifadə edə bilmədik” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin qapıçısı Rəşad Əzizli deyib.
O, Misli Premyer Liqasının 26-cı turunda “Sabah”a 0:2 hesabı ilə uduzduqları oyundan danışıb: “İkinci hissədə də oyun üstünlüyü bizdə idi. Sonluğu gətrməkdə çətinlik çəkirik”.
Əzizli turnir cədvəlinin son pilləsindən qurtula biləcəklərinə inandığını da sözlərinə əlavə edib: “Son şansımıza kimi inanırıq. Biz bu vəziyyətdən çıxacağıq. Hələ də şanslarımız qalır. Heç bir şey bitməyib. Gözləyək, görək sonluğu necə olacaq. Komandanın nəticələri niyə belədir, onu deyə bilməyəcəm, konkret bir səbəb yoxdur”.
“Çərçivə” qoruyucusu qarşıdakı turda “Araz-Naxçıvan”la görüşdə qələbəyə köklənəcəklərini də sözlərinə əlavə edib: “Çalışacağıq ki, meydandan 3 xalla ayrılaq”.