“Barselona” Meyson Qrinvudu transfer etməkdən vaz keçib. İspaniya nəhəngi “Mançester Yunayted”ə məxsus olan, icarə əsasında çıxış etdiyi “Xetafe”də xoş təsir bağışlayan cinah oyunçusuna maraq göstərsə də, son anda fikrindən daşınıb.
Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu 2025-ci ilin yayınadək müqaviləsi olan Qrinvudu bu yay satmaq niyyətindədir. Mankunanlar onu azad agent kimi itirməmək üçün cari mövsüm bitən kimi gələcək təkliflərə baxmağa hazır olduğunu bildirib. 22 yaşlı Yamayka əsilli oyunçu da iş yerini dəyişməyə hazırlaşır. Məlum qalmaqal səbəbindən bir müddət futboldan kənar qalan, daha sonra günahsızlığı sübut olunsa da, Mançesterdə layiq olduğu münasibəti görmədiyindən küsən Qrinvud təkliflərə açıqdır.
Bir vaxtlar 50 milyon avro transfer qiyməti olan futbolçunu indi bu məbləğin 1/5-ni ödəməklə heyətə qatmaq mümkündür. Lakin “Barselona” bu fürsətdən yararlanmaq niyyətində deyil.