“Əsas böyük ürəyin, mübarizliyin olmasıdır”.

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer”lə cavab oyunu barədə danışarkən deyib.

Klub prezidenti komandaya uğurlar arzulayıb: “Qurban Qurbanov və bütün futbolçulara uğurlar arzulayıram. Bakıda keçirilən oyunda qeydə alınan heç-heçə (2:2) göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Qarşımızda çox nəhəng komanda var. Amma nəticədən asılı olmayaraq, “Qarabağ”ın öz oyununu, gücünü göstərməsi, nümayiş etdirdiyi futbolla alqış qazanması vacibdir”.

“Qarabağ”ın rəsmisi komandadan əzmkar mübarizə gözlədiyini vurğulayıb: “Tarixi gündə möhtəşəm mübarizədə qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü “Qarabağ” var. Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidir. Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur. Azarkeşlər, bizi sevənlər, bütün Azərbaycan görməlidir ki, meydanda iki böyük komanda mübarizə aparır”.

Ağdam təmsilçisinin paylaşımında qeyd edilib ki, Tahir Gözəl “Bayer”ə qarşı cavab matçını stadionda izləməyəcək. Bakıda təşkil olunan vacib konfransa qatıldığı üçün klub rəsmisi Leverkuzendə keçiriləcək oyuna yollanmayıb.

Leverkuzendəki qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Shares: