Belə məğlubiyyət adamı daha çox məyus edir. Almaniyada hətta qitənin ən formada olan azsaylı komandalarından biri ilə görüşdə reallaşan ssenarinin sonu belə bitməməli idi.
“Bayer”in startdakı inanılmaz təzyiqi ardıcıl qollarla, hətta darmadağınla bitsəydi, bəlkə də reallığı nəzərə alıb razılaşardıq. Amma aşkar səviyyə fərqinə, imkanların müqayisəedilməzliyinə baxmayaraq, möcüzə göstərən “Qarabağ”ın aqibəti bu qədər tragedik olmamalı idi. Hesabı açan, 10 nəfərlə oynayarkən fərqi artıran təmsilçimiz əlavə olunmuş dəqiqələrdə qalibdən məğluba dönməməliydi.
“Qarabağ”ın misilsiz əzmkarlığı yalnız alqışa layiqdir. Bəli, oyun ərzində bəxtimizin gətirdiyi anlar da oldu. Kaş həmin anlarda qollar buraxıb uduzardıq, o zaman məyusluq bu həddə çatmazdı.
Bakıdakı 2:2-dən sonra “Qarabağ”ın Avropa Liqasının 1/4 finalına çıxmaq şansı demək olar yox idi. Leverkuzenliləri Almaniyada yenmək möcüzədən də artıq bir şey sayılırdı. Çünki sıradan bir komandadan yox, Bundesliqanın 36 oyundur məğlub olmayan liderindən danışırıq. Matçın ilk 15 dəqiqəsində rəqibin hansı səviyyədə olduğunu hamı əyani gördü.
Lakin “Qarabağ” o basqını aşa, oyunu bərabərləşdirə bildi. Hətta fasilədən həmən sonra vurulan ardıcıl qollar da təsadüf deyildi, ağdamlılar əla taktiki hazırlığın mükafatını aldı. Lakin Elvin Cəfərquliyevin qırmızı vərəqə almasından sonra vəziyyət çətinləşdi, onsuz da bu tempə dözməyən “Qarabağ” tamamilə müdafiəyə “oturdu”. Oyun tərzinə görə müdafiə qabiliyyəti yaxşı olmayan ağdamlılar elə bunun güdazına getdi. 10 nəfərlə rəqibin hücumlarına tab gətirməyən çempionumuz təslim oldu.
Elvinə verilən qırmızı vərəqə, rəqibin 3-cü qolunun vaxtın bitməsindən sonra vurulması – hakimlikdən gileylənməyə səbəblər var. Lakin insafən, leverkuzenlilərin qələbəsinin məhz güclü olduqları üçün reallaşdığını etiraf etməliyik. Bu matçda “Qarabağ” yalnız bəxt sayəsində uğur qazana bilərdi, o da son dəqiqələrə kimi tərəfimizdə idi.
Həm Bakıda, həm də Leverkuzendə 90 dəqiqəni qalib tamamladıq. Gəl ki, almanlar matçın hakimin fiti ilə bitdyini sübut etdilər. Oyuna əlavə olunmuş dəqiqələrdə həyəcanı boğa bilmədik və uduzduq. Zatən say azlığı, fiziki cəhətdən yorğunluq üzündən əlavə iki hissədə şansımız yox idi. Bununla belə, mübarizəni ora kimi aparmaq özü də şücaət idi. Olmadı. İlk dəfə yüksəldiyimiz mərhələdə çox acı məğlubiyyət aldıq. Transfer qiyməti təmsilçimizzin büdcəsindən çox olan Patrik Şik “Qarabağ”ın bütün əməyini puç etdi.
Gözlənilən sonluq idi. Bununla belə, “Qarabağ”a apardığı mübarizəyə, oyunları bu qədər dramatikləşdiriyinə görə təşəkkür etməyə dəyər. Hər uğuru pillə-pillə adlamaqla qazanan Qurban Qurbanovun yetirmələri üçün avrokubok mövsümü bitdi. Lakin bu komanda yeni mövsüm üçün ümid verdi.
FƏRİD